Ağstafalı gənc müəllim: "Dostlarımla danışanda deyirdim ki, özümü İsveçrədə hiss edirəm"


Vüsal Həsənov: “Həm anamın, həm də öz arzumu gerçəkləşdirmişəm”

Vüsal Həsənov 1994-cü ildə Ağstafa rayonunun Aşağı Göycəli kəndində anadan olub. 2012-ci ildə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Lerik rayonunun Bilevar kənd tam orta məktəbinə müəllim təyin edilib. Daha sonra yenidən imtahan verərək Tovuz rayonunun Göyəbaxan kəndində pedaqoji fəaliyyətə başlayıb.

- Vüsal müəllim necə oldu ki, müəllim olmağa qərar verdiniz?

- Universitetə hazırlaşarkən həmişə sual verirdilər ki, kim olmaq istəyirsən? - Mənim yeganə cavabım “müəllim” olub. Bəlkə də müəllimlik mənim uşaqlıq arzum olub. Mənim anam müəllimdir. Təhsilimlə həmişə anam məşğul olub. Ən böyük stimulu mənə o verib. Anam həmişə deyirdi ki, oğlum, səni böyüyəndə ziyalı görmək istəyirəm. Düşünürəm ki, həm anamın, həm də öz arzumu gerçəkləşdirmişəm.

- Bildiyimiz kimi hazırda çalışdığınız məktəb sizin ikinci iş yerinizdir. Əvvəlcə Lerik rayonunun ucqar kəndi, indi də Tovuz rayonunun... Niyə məhz ucqar kənd məktəbi?


- Bəli, mən bir il Lerik rayonunun Bilevar kənd tam orta məktəbində işlədim. Lerikə ilk dəfə ayaq basanda oranın təbiəti məni heyran etdi. Düzdür, ilk başda çətinliklər çox oldu. Təmirsiz məktəb, davamiyyəti aşağı olan siniflər, uşağın oxumasına maraq göstərməyən valideynlər, təhsilə marağı aşağı olan şagirdlər məni qorxutmadı, əksinə öz üzərimdə çalışmaq, məsuliyyətimi artırmaqla bərabər peşəmə bağlılığımı gücləndirdi. Müəllimlik şərəfli bir peşədir. Bir coğrafiya müəllimi olaraq həm tədris etmək, həm də oranın təbiətini daha yaxından öyrənməyə başladım. Dostlarımla danışanda deyirdim ki, özümü İsveçrədə hiss edirəm. Lerikin təbiəti çox gözəl idi. Mən bir neçə ay işlədikdən sonra düşünürdüm ki, tamamilə Lerikə köçüm və orada qalım. Təəssüf olsun ki, səhhətim buna imkan vermədi. Lerik dağlıq rayondur və mən hündürlükdə yaşaya bilmədim. Ona görə də bu il yenidən imtahan verdim və yaşayış yerimə yaxın olan Tovuz rayonunun Göyəbaxan kəndində müəllimliyə başladım.
Niyə məhz ucqar kənd məktəbi? - düşünürəm ki, ucqar kəndlərdə müəllimlərə daha çox ehtiyac var. Buradakı şagirdlər heç də şəhərdəki şagirdlərdən geri qalmır. Sadəcə onlara doğru yolu və istiqaməti göstərən bələdçi lazımdır.

- Məktəbə ilk dəfə gedəndə hansı hissləri yaşadınız?

- İlk dəfə sinif otağına girəndə çox həyəcanlı idim. Şagirdlər də çox sevincli və həyəcanlı görünürdülər, çünki onlara dərs deyəcək müəllim kilometrlərlə uzaqdan gəlmiş, universiteti yenicə bitirmiş gənc müəllim idi. Göyəbaxan kəndinə gələndə də həyəcan var idi. Amma ilk dəfəki kimi deyildi. Hətta mən getməmişdən əvvəl artıq məktəblilər adımı bilirdilər.

- İşlədiyiniz məktəbdə şagird-müəllim münasibəti necədir?

- Məncə, müəllim çox sərt olmamalıdır, uşaqları gərgin şəraitdə saxlamaq lazım deyil. Kimisə qorxutmaqla, hansısa yaxşı nəticəyə gəlmək olmaz. Münasibət sistemli şəkildə olmalıdır və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Hansı müəllim bu münasibəti qoruyub saxlayırsa, o tədrisdə də müəyyən irəliləyişlərə nail olur. Bu, əlbəttə mənim işlədiyim məktəbdə də belədir. Burada məktəb rəhbərliyinin də mühüm rolu var. Əsas sima isə sinifdə müəllimdir. Müəllimin davranışı və savadı, eləcə də şagirdlərlə işləmək bacarığı, pedaqoji ustalığı mühüm cəhətlərdəndir. Həm də müəllim bir şəxsiyyət kimi şagirdin nəzərində canlanmalı və şagirdinə də bir şəxsiyyət kimi baxmalıdır. Mənim işlədiyim məktəbdə müəllim-şagird münasibətləri də müvəffəqiyyətlə davam edir.

- Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

- Coğrafiya fənni o qədər maraqlıdır ki, uşaqlar özləri bu fənnə maraq göstərir. Əlbəttə, müəllim yaradıcı olmalıdır. Mən də bacardığım qədər şagirdlərdə maraq yaratmağa çalışıram. Əlimdən gələn qədər dərsi yeni sistemə uyğun olaraq oyunlar şəklində qururam. Buradakı şagirdlər o qədər saf və məsumdur ki, onlarla işlədikcə zövq alıram.

- Regionlarda çalışmaq istəyən gənc müəllimlərə nə tövsiyə edərdiniz?

- Regionlarda çalışmaq istəyən müəllimlərə əsas tövsiyəm odur ki, birinci, öz peşələrini sevsinlər. Müəllim adının şərəfini və şərəfli olmağını yaddan çıxarmasınlar. Onları harada, hansı şəraitdə işləmələri yox, öz peşələrinə bağlı olmaları düşündürsün.
Regionda işləmək daha asandır, nəinki şəhərdə. İşə bir də bu tərəfindən baxın, xüsusilə coğrafiya müəllimləri. Hansısa dağı, düzənliyi xəritədə göstərmirsən. Pəncərəni açıb canlı olaraq şagirdlərə göstərirsən.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz? Gələcək arzularınız nədir?

- Asudə vaxtlarımda ölkə daxilində və xaricində baş verən hadisə və prosesləri izləyirəm. Özümü təkmilləşdirmək üçün coğrafiyaya aid bəzi kitablar oxuyuram. Eyni zamanda işlədiyim kəndin təbiətini daha yaxından öyrənirəm. Boş vaxtlarımda Leriki gəzirdim. İndi də Tovuzu tədqiq edirəm. Necə deyərlər, yüz dəfə oxumaqdansa, bir dəfə görmək yaxşıdır. Gələcəkdə magistraturaya qəbul olub, yaxşı mütəxəssis olmaq istəyirəm.

Nəcibə Vəliyeva,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

DİGƏR XƏBƏRLƏR

Top