Psixoloq: "Azərbaycanda bayramlardan sonra intihar artır" - SƏBƏB

Yenə ölkə gündəminin əsas mövzusu intihar xəbərləridir. Bu da səbəbsiz deyil, təkcə ötən gün Azərbaycanda 4 intihar hadisəsi baş verib. Belə ki, Ağdam rayonunun Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asıb. Həmin gün Bakıda, "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü, Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq özünü öldürüb. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

"Dünyanın müxtəlif ölkələrində müşahidə olunur"

İntihar mövzusunda çox yazılıb, çox müzakirə olunub, ancaq sanki ilin bu dövründə hər il intihar edənlərin sayı artır. Görəsən, bu həqiqətən belədirmi? Düzdür, əlimizdə konkret statistika, əsas yoxdur, ancaq müşahidələr bu qənaətə gəlməyə əsas verir. Mövzu ilə bağlı Psixoloji Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov "Yeniavaz.com" saytına açıqlama verib. Onun sözlərinə görə, ümumi olaraq belə bir statisika aparılır: "Yeni ildən sonra, daha doğrusu, bayramlardan sonra intihar hadisələrinin sayı əvvəlki dönəmlərlə müqayisədə nisbətən artır. Bu, təkcə Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində müşahidə olunan bir tendensiyadır. Hətta bununla bağlı alimlərin araşdırması da var".

"Hədəflər və dəyərlər insandan insana dəyişir"

Elnur Rüstəmov deyir ki, söhbət insanların içindəki narahatlıqların, gərginliklərin, fərdi daxili-psixoloji problemlərin bayramlardan sonra aktuallaşmasından gedir: "Həmin vaxt bu problemlər insanlarda nisbətən qabarıq olur. Bəziləri fikirləşirlər ki, bu il də mən işlərimi görə bilmədim, yaxud hədəflərimə çata bilmədim, problemlərim daha da artdı, çətinliklər çoxaldı. Bu səbəbdən fərd özünə qapana, həyatdan bezə bilər, küskünlük və depressiya halları arta bilər. Hədəflər və dəyərlər insandan insana dəyişir. Kimi ailəsindəki problemi, kimi özünün şəxsi narahatlığını, kimisi karyera ilə bağlı məsələləri özünə dərd edir. Bütün bunlar intihar fikirlərini tətikləyə bilir".

"İntihar cəhdləri araşdırılarkən 3 məqam əsas götürülür"

Elnur Rüstəmov qeyd edir ki, intihar cəhdləri araşdırılarkən 3 məqam əsas götürülür - birincisi, genetik faktor. Araşdırılmalıdır ki, intihara cəhd edən şəxsin genində suisidal hallar olub, yoxsa olmayıb. İkincisi, sosial faktoru nəzərə almaq lazımdır. Peşə yönümündən tutmuş ailənin digər strukturuna qədər. Üçüncüsü, psixoloji məqamlar nəzərə alınmalıdır. İntihar edənlər birdən-birə bu addımı atmırlar. Onlar bir müddət bu haqda düşünürlər, kimisi vaz keçir, kimisi yox. Bəziləri tərəddüd edir, ancaq 5 ay, 1 il sonra bu fikirlər təkrarlana bilir".

"Bizə də müraciət edənlər olur"

Psixoloq deyir ki, həm yaxın ətrafımızda, həm də sosial şəbəkələrdə belə insanlar görərkən biganə qalmamalıyıq, həssaslıq nümayiş etdirməli və dəstəyimizi əsirgəməməliyik: "Həmin mərhələdə olan insanlarla reabilitasiya işinin aparılması məqsədəuyğundur. Fərd özü istəməsə belə, onun yaxınları özünə qapanma, digər narahatçılıqlarını görərlərsə, yaxşı olardı ki, o insana kömək etsinlər".

Onun sözlərinə görə, vaxtında müdaxilə etdikdə intiharların qarşısını almaq mümkün olur: "Belə insanlar az deyil. Yaxın ətrafı, dostları onlara dəstək olanda, bu cəhddən uzaqlaşdıranda intihar fikirlərindən uzaq düşürlər. Bizə də müraciət edənlər olur və onlarla aparılan reabilitasiyadan sonra intihar etmədikləri üçün sevinirlər və ətrafdakı insanlara təşəkkür edirlər. Bildirirlər ki, bu səhv addım imiş və yaxşı ki, onları bundan çəkindiriblər. Belə məsələlərdə nə qədər dəstək olsaq, bir o qədər faydalı olar".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top