Ağdamda Cabbarovlar ailəsinin 7-ci uşağı dünyaya gəlib. Adını Elif qoyduqları körpə əslində sayca 8-ci uşaqdır. Çünki ailənin bir uşağı ötən il doğulduqdan sonra dünyasını dəyişib. Cabbarovlar cəbhə xəttində yerləşən Zəngişalı kəndində yaşayır. Uşaqlardan 4-ü oğlan, 3-ü qızdır: Tural, Zərifə, Ramil, Orxan, Türkan, Rəsul və Elif. 54 yaşlı ata Kərim Cabbarov uşaqların hamısını xəstəxanaya yeni doğulan körpəni görmək üçün gətirib. "Uşaqların sayının çox olması nə ilə bağlıdır?" sualına Kərim kişi belə cavab verir: "Gələcəyin əsgərləridir də. Bir belə şəhidimiz oldu, müharibə şəraitində yaşayırıq, bizə də əsgər lazımdır". 8-ci uşağı dünyaya gətirən 42 yaşlı Xavər Cabbarova isə uşaqları çətinliklə böyütdüyünü deyir. Bu günədək uşaq doğub böyütməyi çox sevdiyini deyən ana artıq Elifin evin sonbeşik uşağı olacağını deyir: "Vallah, əl zəhməti ilə dolandırırıq. Allah verdiyi paydır. Ta bu bəsdir". Kərim Cabbarov da həyat yoldaşının dediklərini təsdiqləyir: "Saxlamağa bir az çətinliklə saxlayırıq. Ünvanlı yardım ala bilmirik. Tək uşaq pulu ilə hərəsinə 30 manat uşaq pulu verirlər. İş yerim də yoxdur. Müraciət eləmişəm, deyiblər olanda deyəcəyik. Hələlik heç nə yoxdur. Cəmi ailənin 28 sot torpağı var, qohumlarla birləşib saxlayırıq".APATV
işsizəm