“Kəpəz” İngiltərə millisinin sabiq hücumçusunu baxışa çağırdı - FOTO

Mövsümün ikinci yarısının hazırlıqlarına başlayan “Kəpəz” baxışa Britaniya vətəndaşlığı olan, liberiyalı futbolçu Aleks Nimelini çağırıb.

Artıq bu gün Nimeli komanda ilə birlikdə məşqlərə qatılacaq. Dünən komandanın düşərgəsinə gəlmiş futbolçu baş məşqçi Yunis Hüseynovun etimadını qazanmalıdır.

27 yaşı mayın 11-də tamam olacaq hücumçu İngiltərədə oynayıb. O, peşəkar karyerasına Kamerunun “Koton Sport” klubunda başlayıb. Afrikada 9 oyuna 5 qol vurmuş forvard 2007-ci ilin dekabrında “Mançester Siti”də baxışdan uğurla keçib və 2008-ci ilin yanvarında onunla 4 illik müqavilə bağlanılıb. Həmin il o, “Siti”nin gənclər komandasının kubok qazanmasına kömək edib.

Nimeli 2014-cü ilədək “şəhərlilər”in üzvü olub. Orada cəmi bir Premyer Liqa matçına çıxıb. Həmin debüt 2010-cu ilin aprelin 3-də “Börnli”ni 6:1 darmadağın etdikləri matçda reallaşıb və bir ay sonra onunla daha 4 illik müqavilə bağlanılıb. Dekabrın 16-da isə Turində “Yuventus”la 1:1 başa çatan görüşün 61-ci dəqiqəsində argentinalı müdafiəçi Pablo Sabaletanı əvəzləyərək meydana daxil olub.

Bununla belə, futbolçu “Siti”də oynamayaraq ardıcıllıqla “Midlsbro”, “Koventri”, “Kristal Pelas”a icarəyə verilib. Daha sonra Nimeli İngiltərənin aşağı dəstə klubu olan “Port Veyl”ə transfer olunub. 6 il ərzində İngiltərədə 30 oyuna çıxaraq cəmi bir qol vurmuş futbolçu özünü doğrulda bilmədiyindən Rumıniyaya yollanıb. “Poli Timişoara”da 10 matçda 3 qol vurduqdan sonra bu ölkənin digər təmsilçisi “Viytorul”a keçib (18 oyun, 4 qol).

Ötən il Norveç “Stabek”ində 13 matça 2 qol vurmuş Aleks Nimeli 2009-cu ildə Misirdə keçirilmiş U-20-lərin dünya çempionatına İngiltərə adından çağırılıb. Özbəkistanla 1:1 başa çatan həmin mundialda komandasının yeganə qolunu vurub. Bu, onun İngiltərənin U-20 yığmasında yeganə qolu olub (3 oyun, 1 qol). 2010-cu ilin mayında atasının ingilis olduğunu əsas gətirərək Liberiya millisindən imtina etdiyini mətbuata açıqlayıb. 2011-ci ilin noyabrında isə İngiltərənin U-21-nə çağırılsa da, zədə səbəbindən heyətdən çıxarılıb. Yalnız İngiltərənin əsas millisinə çağırılmadığını görən Nimeli 2016-cı ilin oktyabrında Liberiyadan gələn dəvəti qəbul edib. Ancaq noyabrın 15-dəki Keniya ilə yoldaşlıq matçında oyuna daxil edilməyib. Oxu.az

Adil Mamedov adlı şəxsin şəkli.

DİGƏR XƏBƏRLƏR

Top