Aprel döyüşlərində 17 erməni öldürən 3 dost necə şəhid olub? - "İki post alıblar, üçüncüdə..."

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Mingəçevir şəhərinin igidləri də torpaq uğrunda canlarından keçdi, hərəsi bir qəhərəman oldu. Belə igidlərdən biri də torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş, aprel döyüşlərində 3 dostu ilə 17 erməni hərbiçisini məhv edən, igid vətən oğlu, şəhid Adil Adilzadədir. Kiçik çavuş Adil Adilzadə 2016-cı ilin Aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. 17 erməni hərbiçisini məhv edən şəhidimizlə bacarmayan ermənilər onu snayperdən atəş açaraq, qətlə yetirdilər.

Bu günlərdə şəhidin valideynləri ilə elə oğullarının məzar başında - Şəhidlər xiyabanında görüşdük.Ananın ağlamaqdan şişkin xəstə gözləri oğlunun vüqarla dayanmış şəkilinə zillənmişdi. Adil evin tək oğlu idi.

Söhbət zamanı aydın oldu ki,onlar hər gün bura, Şəhidlər Xiyabanına gəlib oğullarını ziyarət edir, onun ruhuna dualar oxuyurlar: “Oğlum özünə evi burada tikdi. Bəs mən bir ana kimi oğlumun evini ziyarətə gəlməyim? Qısa ömür yaşadı. 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. Biz onu çox əzab, əziyyətlə böytmüşdük. Yaxşı yadımdadır, oğlum dünyaya gələndə qonum-qonşular göz aydınlığı verdilər ki, ay qız, oğlun olub, arxan, dayağın var. Bu gün fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid oldu”.

Ana dərdli gözlərini üzümüzə zilləyib “bala, mənəvi dəstək istəyirəm” tək daxmanın altında qalmışıq dedi: “Gözlərimizi zilləyib qapıya baxırıq ki, kimsə qapımızı açacaq, dərdimizə şətik olacaq. Vallah, nə gizlədim yoldaşım Kamran da, mən də xəstəxanadan yeni çıxmışıq. Ev şəraitimiz acınacaqlı olduğundan, nəmişlikdən əziyyət çəkirik. Sağ olsun, oğlumun dostları yenə onlar bizə dəstək olur.Yaşadığımız Günəşli bağ massivinə oğlumun adını verdilər. İstəmirəm ki, küçəmizdə oğlumun qaranlıq dünyası kimi qaranlıq olsun. Küçələrimiz qaranlıq zülmət içindədir. İşıqlanma sistemi yoxdur. Bir tərəfə gedəndə yenə sağ olsunlar bu uşaqlar gəlib bizi aparırlar. Oğulsuz yaşamaq çətindir. Dərdini özgəyə bir dəfə deyirsən, ikinci dəfə demək olmur”.

Şəhidin atası Kamran Adilzadə deyir ki, döyüşlərdə oğlu dostları Qabil və Cavidlə ermənilərin 2 postunu alıbmış: "Üçüncü postu alanda vurdular.Yaralanır, yoldaşları onu evə göndərmək istəsələr də gəlməyib. Biz ondan nigaran idik .Səsini eşitmək istəyirdik. Amma... Hər üç dost şəhid oldu”.

Bizimlə həmsöhbət olan şəhidin digər dostu Elnur Qarayev bildirdi ki, Adilin timsalında bütün şəhidlər, başda şəhid Mübariz olmaqla hər biri bizim qurur mənbəyimizdir: "Arzumuz budur ki, işğal altındakı torpaqlar azad olunsun. Şəhid Mübarizdən təsirlənən cəngavərlərimiz aprel döyüşlərində bunu sübut etdilər. Mən Adilin atası və anası qarşısında baş əyirəm, təşəkkür edirəm ki, belə bir övlad böyütdünüz. Adilimizi və digər şəhidlərimizi unutmayacağıq".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top