Ərdoğan Gül və Arınçı sərt tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin keçmiş sədri Bülent Arınçı və 11-ci Prezident Abdulla Gülü sərt tənqid edib.

"Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti ad çəkmədən A. Gül və B. Arınçı dovlət çevrilişi, terror hücumları və buna bənzər aksiyaların yatırılmasında iştirak edən mülki vətəndaşlara cəza verilməsini aradan qaldıran qanun hökmündə fərmanı tənqid etdiyinə görə narazılığını bildirib.

O deyib: "Dövlət çevrilişinə cəhddən təxminən iki həftə sonra verdiyimiz qanun hökmündə fərmanda dövlət qulluğunda çalışanlar iyulun 15-də aldıqları qərar və fəaliyyətlərinə görə məsuliyyətdən azad edildi. Üstəlik bu fərman parlamentdə müzakirə edilərək qanuniləşdirildi. Yəni bütün deputatların xəbəri var. Eyni hökmün iyulun 15-də dövlət çevrilişinə dirənən mülki vətəndaşlar üçün də tətbiqinə ehtiyac görüldü.

Nədənsə böyük səs-küy qoparıldı, məncə böyük deyil. Qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri bu kampaniyaya qoşuldular. Bu gün bu kampaniyaya qoşulanlar aprelin 16-da keçirilmiş referendumda "hə" demədilər. Biz bir yolnan gedən eyni davanın dostları deyilikmi? Necə olur ki, bir anda Bəy Kamalın (CHP sədri Kamal Kılıçdaroğlu) qayığına minirsiniz?".

Xatırladaq ki, A. Gül fərmanın qayəsinin düzgün olduğunu, lakin yazılış dilinin hüquqi baxımdan qarışıqlıq yaratdığını bildirib. B. Arınç, müxalif CHP və bir çox hüquqşünas hesab edir ki, gələcəkdə fərman dövlət çevrilişi, terror hücumları və buna bənzər hadisələrdə sıravi vətəndaşların özbaşınalıq edərək cəzasız qalacağına gətirib çıxara bilər. Hökumət isə bəyan edib ki, fərman yalnız iyulun 15-i və 16-nda baş verən hadisələri əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top