Abdulla Gül Ərdoğanın tənqidlərinə cavab verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qanun hökmündə fərmanla bağlı dediyi sözlərə görə tənqid etdiyi ölkənin 11-ci Prezidenti Abdulla Güldən cavab gəldi.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, A. Gül üzləşdiyi tənqidlərə cavab olaraq bildirib ki, önəmli məsələlərdə fikirlərini xalqla bölüşmək məsuliyyəti var. O deyib: “Mən qanun hökmündə fərmana sahib çıxdım, düzgün qayə və yaxşı niyyətlə hazırlanan fərmandır. Ancaq orada bir boşluq görürəm və gələcəkdə bu boşluğu fürsət bilərək hamımızı çox məyus edəcək hadisələrə vasitəçilik edənlərin ola biləcəyinə dair tərəddüdüm var. Buna görə də cüzi düzəlişlə bunun qarşısını almağın mümkünlüyünü düşündüm. Belə ki, bir çox hörmət etdiyimiz hüquqşünas bu cür açıqlamalar verdilər. Mən bütün ömrümü millət və dövlətə xidmət edərək keçirmiş sabiq prezidentəm. Vacib məsələlərdə fikirlərimi xalqla bölüşmək də təbii ki mənim üçün məsuliyyətdir. Bunun arxasında bir məsələ axtarmağın da heç bir mənasının olmadığını düşünürəm. Bunu ora-bura çəkmənin mənası yoxdur”.

Xatırladaq ki, A. Gül ötən "Twitter" səhifəsindən 696 saylı qanun hökmündə fərmanın yazılışının hüquq dilinə uyğun gəlmədiyini və qarışıqlıq yaratdığını qeyd edib. Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişinə cəhdinə qarşı küçəyə çıxıb müqavimət göstərən vətəndaşları qorumaq üçün çıxarılan fərman hüquq dövləti anlayışı baxımından narahatçılıq doğurur: "Gələcəkdə hamımızı məyus edə biləcək hadisələrin baş verməsinə fürsət yaratmamaq üçün fərmanın nəzərdən keçiriləcəyinə ümid edirəm". Buna cavab olaraq R. T. Ərdoğan bildirmişdi ki, A. Gülün qarışıqlıqdan bəhs etməsi məyusedicidir: “Nəyə əsaslanaraq bu cür qarışıqlıqdan bəhs edirsiniz. Fərman son dərəcə aydındır və olduğu kimi qalmasının tərəfdarıyıq. Verilən açıqlama aldığı “retvitlərlə” prosesi başqa yerə apardı”.

Qeyd edək ki, qanun hökmündə fərmana əsasən, dövlət çevrilişinə cəhd və terror hücumları ilə bunların davamı xarakteri daşıyan aksiyaların yatırılması çərçivəsində hərəkət edənlər rəsmi vəzifə daşıyıb-daşımamasından asılı olmayaraq cəza məsuliyyətindən azad edilirlər. Qanun hökmündə fərman Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində verilir.

DİGƏR XƏBƏRLƏR

Top