
Bir müddətdir saytlarda və sosial şəbəkələrdə Hirkan Milli Parkının direktoru Azər Mirzəyevlə bağlı ittihamlar səsləndirilir. Bir vaxtlar bu parkın işçisi olmuş Ayna Şahgəldiyeva və onun həyat yoldaşı Mirzə Şahgəldiyev tərəfindən irəli sürülən ittihamları "Yeniavaz.com" saytı olaraq araşdırmaq qərarına gəldik.
Əvvəlcə Ayna Şahgəldiyevanın ittihamlarına diqqət yetirək. A. Şahgəldiyeva Prezidentə və 1-ci-vitse prezident Mehriban Əliyevaya müraciətində deyib: "Hirkan Milli Parkının direktoru Azər Mirzəyev mənə deyir ki, burada yaşama, yaşasan, səni öldürərəm. Çünki ondan Prezident Administrasiyasına şikayət etmişdim. Şər-böhtanla mənim başım oyun gətirdi. Mənə hədə-qorxu gəlir, deyir şikayət etsən, səni içəri atdıraram. Sizdən xahiş edirəm, mənə kömək edin, iki balam var. Balalarımı sahibsiz qoymayın. Hörmətli daxili işlər naziri, hörmətli baş prokuror sizdən də xahiş edirəm, mənə kömək eləyin, məni hədələyirlər. Kasıb insanam, başıma oyun gətirirlər. Məhkəmədə hədə-qorxu gəldilər mənə, dedilər səndən əl çəkmərik. Deyirlər get nazirliyə, Prezidentə teleqram vur ki, Azər müəllimə şər atmışam. Ancaq mən heç kimə şər atmamışam. Məndən xuliqan çıxar? Mən 2 uşaq anasıyam. Dözə bilmirəm, evimdə yaşaya bilmirəm. Oradan məni qovublar, gəlmişəm Bakıda kirayədə yaşayıram. Küçələrə düşmüşəm, məni polis maşını ilə apardılar, həbs verdilər. Azər Mirzəyev məni döyüb, Bünyatov Ramazan məni pilləkədən atmaq istəyirdi. Mən 10 gün xəstəxanada yatmışam. Onlar imkanlıdılar. Qanunu bilirəm, elə iş görmərəm. Xahiş edirəm, bu məsələdə mənə köməklik göstərəsiniz".
"Biz bir prinsiplə işləyirik - yaş ağacı kəsən ermənidir"
Yayılan videomüraciətdə Ayna xanımın həyat yoldaşı Mirzə Şahgəldiyev də eyni ittihamları səsləndirib. Bəs ittiham olunan tərəf bu barədə nə düşünür? Həqiqətən, Prezident Administrasiyasına şikayətə görə bir ailəyə qarşı belə bir davranış sərgilənibmi?
Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin ittihamlarla bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırdı: "Bu gün bu məsələ ilə əlaqədar Mətbuat Şurasında olmuşam. Şikayət eləmişdim və məsələyə baxdılar. Əgər qarşı tərəf - yəni bu ittihamları yayan sayt təkzib verməsə, adı salınacaq "qara siyahı"ya. Həmin xanım 139 dəfə mənimlə bağlı şikayət edib. 139 dəfə nazirliyin araşdırma komissiyası gəlib və əsassız olduğuna görə bu xanımı verib hüquq-mühafizə orqanlarına. Hazırda cinayət işi açılıb, iş məhkəmədədir. Mən sizi bir jurnalist kimi rayona dəvət edirəm, gəlin, yerində araşdıraq, Hirkan Milli Parkındakı vəziyyəti öz gözlərinizlə görün. Biz bir prinsiplə işləyirik - yaş ağacı kəsən ermənidir. Komissiya yaradaq, siz də baxın, ondan sonra necə deyərlər, siz də düzü düz, əyrini əyri yazın".
"Mən kiməm kimisə rayondan didərgin salam?"
Ayna Şahgəldiyeva ailəsinin rayondan didərgin salınması ilə bağlı dediyi fikirlərə gəlincə, Azər Mirzəyev əslində belə bir şeyin mümkün olmadığını bildirdi: "Biz hansı dövlətdə yaşayırıq? Mən kiməm kimisə rayondan didərgin salam? Bu adamlar uzun müddət Hirkan Milli Parkında belə deyək, at oynadan insanlardılar, hansısa maddə ilə işdən çıxıb, hansısa maddə ilə geri qayıdıblar, qırıntıları daşıyıblar. Cəzası olub və biz onu cəzalandırmışıq. Bütün media işçilərini dəvət edirəm Hirkan Milli Parkına. Gəlin, yerində araşdırın, vəziyyəti görün.
Bunlar dəfələrlə idarəyə gəliblər, daş atıblar, iş fəaliyyətini pozublar. Günlərin bir günü nazirliyin komissiyası da gəlmişdi, bunlar da gəldi, hücum elədi, biz də sənədləşdirdik, aktlaşdırdıq və verdik hüquq-mühafizə orqanlarına. Ayın 11-də məhkəmədir.
Şikayətçinin yaşadığı kənd icra nümayəndəsinə, bələdiyyəyə sorğu göndərin və necə bir insan olduğunu araşdırın. Biz çalışırıq qanun çərçivəsində bunların əməlinin qarşısını alaq. Mənə niyə gücləri çatmır bu adamların? Çünki mən qırıntı aparmıram. Keçmiş müdirlər ola bilsin səhv buraxıblar ona qarşı, ancaq mənim heç kimdən asılacağım yoxdur. Biz bir prinsiplə işləyirik - yaş ağacı kəsən ermənidir. Bundan ağır cümlə olmaz. Mən qanunsuzluqlara göz yuman insan deyiləm. And olsun Allaha, bu insanların ittihamları əsassızdır".
"Nazirlikdən 8 nəfər yoxlama gəlmişdi"
Azər Mirzəyev heç kimin yanında gözükölgəli olmadığını vurğuladı: "Onlar şikayət ediblər və əvvəlki müdirlərdən "haqq" alıblar, ağac alıblar, parket alıblar. Mənim bunlara verəsi nə parketim, nə ağacım var. Bütün instansiyalara şikayət eləyib - Prezident Administrasiyasına, Baş Prokurorluğa, onun şikayəti əsasında Maliyyə Nazirliyindən yoxlama da gəlib. Bütün qurumlardan əlləri üzülüb, indi keçib saytlara, sosial şəbəkəyə. 2 gün bundan qabaq da nazirlikdən 8 nəfər yoxlama gəlmişdi. Heç bir şey sübut edilmədi. Yaş ağacı qıran, onu satıb yarpağından evinə 1 manat aparan adam ermənidir. Mənim 96 işçim var. Mən sizi də, digər jurnalistləri də dəvət edirəm, qoy o xanım da gəlsin düşsüz qabağa və göstərsin qanun pozuntularını. Polisdə bu işlərlə bağlı istintaq gedir, 8 aydır. Dəfələrlə, hansısa yollarla aradan çıxırlar. Mən prinsipiallığımda qalmışam sonadək. Qayda-qanun nədirsə, qoy məsələ araşdırılsın və həll olunsun. Mən bunun tərəfdarıyam. Biz Ermənistanda yaşamırıq ki, kimsə kimisə öldürsün. Belə bir şey ola bilməz. Haqq-ədalət nədirsə, mən bunun tam tərəfdarıyam".
azer
Tətbiqimizi yükləyə bilərsiniz