İtkin düşən alpinist həmişə "məndə alınmır" deyirmiş... - Sabah ad günüdür

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Alpinistlərin doğmaları, yaxınları isə həsrətlə onların yolunu gözləyir, şad xəbər ümidi ilə yaşayırlar. "Yeniavaz.com" xəbər verir ki, sabah itkin düşənlərdən birinin - Baburun ad günüdür. Bu barədə onun dostu Xumar Kərimli məlumat verib: "Sabah Baburun ad günüdür. Dünəndən nömrəsinə neçə dəfə zəng etdiyimi bilmirəm. Neçənci zəngdəsə nömrəsinə zəng çatacaq, bilirəm. Özüm dünyadan getmək istəyəndə bu qədər çətinlik çəkməmişdim. Niyə özümüzlə asan, yaxınlarla, sevdiklərimizlə çətin olur?!

İllərlə müxtəlif yerlərdə çalışırıq, fərqli ortamlardan fərqli insanlar qazanırıq. Ətrafımızda bu qədər dostlar, tanışlar var. Və biz gündəlik həyatda bir-birimizə bu qədər zəng etmirik. Bilirik ki, yaxşıyıq. İşdəyik. Qaçhaqaçdayıq. Ora bura qaçanda yolda rastlaşıb, qucaqlaşıb, yenə qaçırıq. Hamımız beləyik. Ta bir bədbin status yazana kimi, günlərlə sosial şəbəkələrdən itənə kimi, canımız ağrıyana kimi, ya da yoxa çıxan kimi fərqinə varırıq ki, sən demə, yoxuq. Biz niyə beləyik?! Yoxsa belə olmalıdır?

Baburiko, sabaha gəlin çıxın. Öz doğum günündə gəl. Bizə "wow" dedirt. Təəccübləndir, sevindir, ağlat.. Həmişə deyinirdin "məndə alınmır" deyə. Bax, alındı. Səni gözləyən, günlərdir gözünün yaşı qurumayan, sənə olan sevgisindən özünü unudan Hürü var.

Sizə doğrudan inanırıq. Özümüzə də. Bilirik ki, boşuna hiss etmirik. Sabaha kimi gəlsəniz, Hürü sevgisini qatıb tort bişirəcək. Elman şəkillər çəkəcək. Xumar da gəşəng başlıqlar yazıb paylaşacaq. Nağıllar boşdu, amma, möcüzələrə inanmaq lazımdır. İnamla imperiya qurardılar axı".

DİGƏR XƏBƏRLƏR

Top