
"2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 milyard dollar həcmində profisitlə əvəzlənib". Yeniavaz.com Mərkəzi Bank tərəfindən açıqlanan "2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"na istinadən bildirir ki, cari əməliyyatlar hesabında ÜDM-in 3,8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında 2 qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyyətli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3,5% azalıb, qeyri-neft əmtəə ixracı isə 31,3% artıb. Ticarət balansı ilə yanaşı xidmət balansında da pozitiv meyillər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2,5 dəfə azalıb, turizm xidmətlərində müsbət saldo yaranıb. Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olub, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtüb.
Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 milyard dollar) artıb və 42,6 milyard dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 milyard dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub.
Tətbiqimizi yükləyə bilərsiniz