
Çağırış yaşına çatmış 63 israilli yeniyetmə hökumətin irqçi siyasətini həyata keçirən orduda xidmət etməkdən imtina etdiyini bəyan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeniyetmələr bununla bağlı ölkə hakimiyyətinə açıq məktub göndəriblər. Məktub İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Aviqdor Liberman, təhsil naziri Naftal Benet və Baş Qərargah rəisi Qadi Ayzenkota ünvanlanıb. Məktubda qeyd edilir ki, ordu əsas insan haqlarını pozan, eyni ərazidə israillilərə və fələstinlilələrə qarşı ayrı-ayrı qanun tətbiq edən hökumətin irqçi siyasətini həyata keçirir: “Buna görə də biz Fələstin xalqını zəbt etməkdə və yatırmaqda iştirak etməmək qərarına gəlmişik”. Məktub müəllifləri, həmçinin İsrail gənclərini hərbi xidmətə münasibətlərinə yenidən nəzərdən keçirməyə çağırıb.
Qeyd edək ki, qanuna əsasən 18 yaşına çatmış bütün İsrail vətəndaşları orduda xidmət etməlidir. Kişilər üçün hərbi xidmətin müddəti 3 il, qadınlar üçün isə 2 ildir. Qanun yəhudilərə, yəhudi olmayan vətəndaşlara, druzlara və çərkəzlərə şamil edilir. Bədəvilər, xristianlar və müsəlmanlar orduda könüllü xidmət edə bilərlər. Xidmətdən imtina edənləri həbs cəzası gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz