
Son vaxtlar saxta düyülərin istehsalı prosesini əks etdirən videolar sosial şəbəkələrdə yenidən aktuallaşıb. Yəqin bunun bir səbəbi də qarşıdan Yeni il bayramının gəlməsidir. Bayram süfrələrimizin bəzəyi olan aşı sevməyən yəqin ki, az adam tapılar. Lakin bu sevimli yeməyimizin plastik düyüdən bişirilmə qorxusu hamını narahat edir. Belə düyüləri əsl düyülərdən seçmək çox çətin olduğundan hər kəsdə bir narahatlıq var. Əksər insanlar plastik düyülərdən bişirilən aşların insana necə təsir etməsindən də xəbərsizdilər. Xüsusən də evində xəstəsi, azyaşlı uşağı olanlar narahatdırlar.
Qeyd edək ki, süni düyülər dünyada bir neçə yolla hazırlanır ki, onlardan biri də sellofan torbaların emalı nəticəsində əldə olunan düyülərdir. "Sağlamlıq naminə təbiblər" İctimai Birliyinin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Habil Hüseynov "Yeniavaz.com" saytına açıqlamasında ölkəmizdə plastik düyülərin satılıb-satılmaması barədə məlumatlı olmadığını bildirdi. Habil Hüseynov süni düyülərin insan orqanizminə zərərlərindən danışdı: "Plastik maddələr insan orqanizmində sovrulmur. Plastik materialların konserogen təsirləri var, yəni şiş əmələ gətirmə təsirləri böyükdür. Onların tərkibində ximikatlar olur, ximikatlar isə bildiyiniz kimi, konserogen maddələrlə zəngindir. Süni və yaxud plastik dediyimiz düyülərin ən böyük təhlükəsi budur".
"Şiş xəstəliklərinin artmasına səbəb olacaq"
Habil Hüseynov dedi ki, plastik düyülər sovrulmadığı üçün qida dəyəri yoxdur: "Qida dəyəri olmadığına görə, insan üçün heç bir faydası yoxdur. Sadəcə kütlədən ibarətdir. Vitamini, mineralı, enerji dəyəri olmayan bir məhsuldur. Əgər bizim ölkədə belə düyülər varsa, çox heyif. Dünyanın bir çox ölkələrində bundan xəbərsiz olan insanlar plastik düyüləri yeyirlər, amma onlara heç bir fayda vermir, əksinə, zərərlidir. Əgər tərkibində konserogen varsa, bunun ən böyük təhlükəsi gələcəkdə insanlar arasında şiş xəstəliklərinin artmasına səbəb olacağı reallıqdır".
"Süni düyülərin bədəndə qalma şansı yoxdur"
"Sağlamlıq naminə təbiblər" İctimai Birliyinin sədri deyir ki, plastik düyülər bədəndən olduğu kimi xaric edilir: "Süni düyülərin bədəndə qalma şansı yoxdur. Bədənin onu sovurma, həzm eləmə, hər hansı bir şəkildə həzm eləmə ehtimalı da yoxdur. Bədənə necə daxil olursa, o şəkildə də bədəndən çıxır. Amma əgər onun tərkibinə plastik materialla yanaşı, nişasta, formaverici maddələr qatırlarsa, onlar sovrula bilər. Bu, mümkündür. Amma plastik materialları bizim bədənimizin sovurma qabiliyyəti yoxdur. Uşaqlarda və böyüklərdə proses eyni şəkildə davam edir. Ölmə ehtimalı yoxdur. Sadəcə, davamlı şəkildə belə düyülər yeyən insanların arıqlaması və ya vitaminsizlikdən, mineralsızlıqdan əziyyət çəkməsi labüddür".
"Çində istehsal olunur və başqa ölkələrə göndərilir"
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında dedi ki, Azərbaycana gətirilən süni düyülər çox quru olduğundan əhali çaşbaş qalır: "Azərbaycana süni düyülərin gətirilmə ehtimalı var. Lakin hazırda Azərbaycana bu düyülər gətirilmir. Dünyada süni düyülər hazırlayan müxtəlif texnologiyalar var. Süni düyü xarici ölkələrdə hazırlanır. Lakin birmənalı şəkildə qida sektorunda rəsmi olaraq plastmasdan düyü hazırlanması məsələsi yoxdur. Düyü ilə bağlı AİB-ə hər gün 10-15 telefon zəngi daxil olur. Əhalinin böyük şübhələri var. Lakin bildirmək istərdim ki, Azərbaycana plastmas düyü gətirilmir. Mən primitiv bir ekspertiza apardım və xaricdən gətirilən düyülərdən biri ilə yerli Astara düyüsünü müqayisə elədim. Xaricdən gətirilən bəzi düyü növləri çox qurudur. Bu düyülər çox gec dəm alır. Onları bişirəndə dəm almasını gözləmək lazımdır. Yaxşı bişirmək lazımdır. Bəzi qadınlar necə deyərlər, öz bacarıqsızlıqlarını gizlətmək üçün "plastmas düyüdür" deyirlər. Belə düyü yoxdur. Lakin süni düyü var. Çində istehsal olunur və başqa ölkələrə göndərilir. Azərbaycana göndərilmir. Əhali narahat olmasın. Vətəndaşlar düyü alarkən mütləq onun sertifikatını soruşsunlar, düyünün yaxşı dəm almasına şərait yaratsınlar. Dəm alandan sonra görəcəklər ki, normal düyüdür, plastmas deyil".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz