
“Yeni Tərtər” qəzetinin əməkdaşlarından biri – fotomüxbir Kənan Hüseynzadə uzun illərdir döyüş bölgələrindən hərbçilərimiz haqqında yazılar hazırlayıb, fotolar çəkib mətbuat vasitəsi ilə ictimayyətə çatdırır. Bu dəfə yolum Tərtərə düşəndə onunla görüşmək qərarına gəldim.
Mənim fikrimcə, ön cəbhədən yazan jurnalist özünü döyüşçülərin sırasında hiss etməlidir. Yəni özünü səngərdə sanmalı və gərgin anları, çətinlikləri yaşamalıdır. Bir də… hansı materialı necə işləməyi bilməlidir. Bəli, bu kimi onlarla elementlər var ki, ordudan yazan jurnalist onlardan agah olmalıdır. Bunları bilmədən ordudan, ön cəbhədən, döyüşən əsgərlərdən nə yazmaq olar? Elə bu kimi suallarla da Kənan bəyə müraciət etdik.
Kənan bəyin sözlərinə görə, hərbidən, ordudan yazan jurnalistin ordu sıralarında xidmətdə olması və ordu həyatını görməsi vacibdir: “Hərbi xidmətdə olmayan jurnalist hərbidən, döyüş bölgəsindən nə yaza bilər axı? Yazsa da, inandırıcı, tutarlı olmaz. Əvvəlcə, gedəcəyim obyekt, həmçinin görüşəcəyim şəxslər barədə məlumat toplayıram. Mənim aləmimdə, bu, mütləqdir. Belə olanda obyektlə, şəxslərlə bağlı hazırlanan məqalələr daha maraqlı olur”.
Onun sözlərinə görə, bəzən jurnalistlər öz yazılarında bilməyərəkdən düşmən tərəfə müəyyən məlumat ötürə bilərlər: “Ona görə də bu sahə ilə bağlı yazı yazanda yüz ölçüb bir biçmək lazımdır”.
“Cəbhə bölgəsində olarkən siz də əlinizə silah alırsınızmı?” sualımıza həmsöhbətimiz belə cavab verdi: “Jurnalist heç bir halda əlinə silah almamalıdır. Çünki düşmən tərəfə əsir düşərsə, onunla beynəlxalq qanunlara əsasən davranılmalıdır. Bildiyiniz kimi, jurnalistlərin toxunulmazlıq hüququ var”.
Kənan bəy həmçinin vurğuladı ki, hərbçilərimizlə görüşərkən, onlardan müsahibələr alarkən bir jurnalist kimi onlara mənəvi dayaq olmağa çalışır: “Yəni onlarda ruh yüksəkliyi, döyüş əzmi yaratmağa çalışıram. Məsələn, onlara deyirəm:
“Bu gün artıq hər kəs inamla deyə bilər ki, Silahlı Qüvvələrimiz dövlətimizin başçısının hər bir əmrini yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə və düşmənə layiqli cavab verməyə qadir olan qüdrətli ordudur. Azərbaycan Ordusu məhz sizin kimi hərbçilərin sayəsində uğurlara imza atmaqdadır. Səngərlərdəki əsgərlər bizi ön cəbhədə görəndə elə sevinirlər ki… Sözün düzü, onların bu hisslərini, sevinclərini bəzən yazanda çətinlik çəkirəm”.
Kənan bəy təkcə döyüş bölgələri ilə yox, şəhid ailələri ilə də mütəmadi əlaqə saxlayır. Dediyinə görə, onların problemlərini işıqlandıranda, onlara bu yolla yardımçı olanda rahatlıq tapır.
“Döyüş bölgəsində jurnalist kimi fəaliyyət göstərmək çətindirmi?” sualına isə Kənan bəy: “Həm çətindir, həm də şərəflidir” cavabını verdi: “Şəxsən mən hərbi jurnalist olduğuma görə fəxr edirəm”.
Tərtərin döyüş bölgəsinə xarici jurnalistlər də tez-tez baş çəkirlər: “Məni də İcra Hakimiyyətindən onlara bələdçi kimi təyin olunuram. Və imkan daxilində onlara Azərbaycan həqiqətlərini çatdırıram”.
Qeyd edək ki, Kənan Hüseynzadə aprel döyüşlərində də fəal iştirak edib. Elə buna görə də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin İdarə Heyətinin “Vətən Naminə” medalı ilə təltif olunub”.
Onu da əlavə edək ki, Kənan bəy 2006-cı ildən “Yeni Tərtər” qəzetində fotomüxbir kimi çalışır: “Bu müddətdə qəzetin baş redaktoru Tofiq Yusifov mənə dəstək olub. Onun mənəvi yardımını həmişə üzərimdə hiss etmişəm. Elə məndə hərbi jurnalistikaya həvəsi redaktorumuz Tofiq müəllimin vətənpərvərlik mövzusunda yazdığı kitablar oyadıb: “Tofiq müəllimin kitablarını oxuyarkən bir daha əmin olursan ki, sanki o bu sahə üçün doğulub”.
Söhbət əsnasında həmsöhbətimiz Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da cəbhə bölgəsinə olan diqqətdən də söz açdı.
Esmira Hidayətova, Tərtər
Tətbiqimizi yükləyə bilərsiniz