
Son günlər ard-arda sosial şəbəkələrdə Bakının bir neçə ərazisində ağacların qırılması ilə bağlı məlumatlar yayılır. Xətai rayonunda, 2 yolun ortasındakı yaşıllığın hasarlanıb qırılması və yerində ticarət obyektlərinin tikilməsi barədə videoreportaj hazırlanmışdı. Dünən isə məlumat yayıldı ki, Səbael rayonunda - Kukla teatrı ilə üzbəüz ərazidə ağaclar qırılır.
Bu barədə tanınmış ekspert Üzeyir Cəfərov məlumat vermişdi: "Kukla teatrı ilə üzbəüz o fontanın bap-balaca ərazisində gecə ilə xeyli vəsait sərf edilərək salınmış yaşıllığı məhv edən və buna icazə verən adamın sadəcə vicdanı və azərbaycançılığı yoxdur deməkdən özümü saxlaya bilmirəm. Buradan ölü duruma salınmış, yüzlərlə layihə-filan həyata keçirən mətbuat və QHT-lərin rəhbərlərinə səslənirəm. Nədən siz şəhərin bu cür eybəcər duruma salınmasına susursunuz? Məgər o yerdə hansısa ticarət obyekti salmaq o qədərmi önəmli, vacibdir ki, buna ya Bakının gözləri tutulmuş meri Hacıbala Abutalıbovmu, ya da Səbail rayon icra başçısı Eldar Əzizov bu şəkildə icazə veriblər? Siz heç utanmırsınız ki, o cür gözəllliyi gecə ilə, sanki tülkü kimi bəzi oğrun-oğrun hərəkətlər etməklə eybəcər vəziyyətə salırsınız? Sizin üçün bu 5-10 manat pul o qədərmi vacib və şirindir ki, siz çörəyini yediyiniz Bakı kimi bir zəhmətkeş və bənzərsiz şəhəri bu qədər eybəcərləşdirirsiniz? Vallah, ürəyim ağrıyır paytaxtımıza görə. Bakı şəhərinə cavabdehlik daşıyan əlaqədar rəhbər şəxslər də dediyim o rəzaləti görmək istəyirlərsə, buyursunlar 10 dəqiqə vaxt sərf edib o yerə gedib baxsınlar. Əgər dediklərim yalandırsa və o gözəl yaşıllığı məhv edib hansısa işbaza ticarət yeri salınmasını uğurlu hesab edirlərsə, söyün-danlayın məni. Yox əgər mənim dediklərimi məntiqli saysanız, çağırın o pula hərislənən meri və bəzi icra başılarını. Bakı kimi gözəl şəhəri təhqir etməyə, gözdən salmağa nə Hacıbalanın, nə də bu gün var, sabah olmayacaq icra başçılarının qətiyyən nə haqqı çatmır, nə də mənəvi haqqları yoxdur. Susan mətbuatımız vay! Susun, görək axırımız necə olacaq. Paytaxtımız və ona tabe olan rayonlarımız isə bəzi işbazlara görə sadəcə əldən gedir".
Qəribədir, mətbuatda gündəmə gətirilməsinə, hətta dövlət başçısı səviyyəsində ağacqıranlara xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də belə hallar var. Problemlə bağlı "Yeniavaz.com" saytına açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov problemin səbəbini belə izah etdi: "Xəbərdarlıq düz-əməlli verilmir. Başdansovdu verilir. Haqqını alırlar, icazə verirlər. Vəssalam. Xəbərdarlıq varsa, tutub o adamları camaatın gözü qarşısında güllələmək lazımdır. Elə belə də yazın. Qoy, o birilərə dərs olsun. Pulunu alırlar, buraxırlar. Qanun işləmir. Qanunlar var, qanunlar işləmir bizdə. Qanunu sərtləşdirmək lazımdır. Media nümayəndələri də həddən artıq bu mövzunu şişirtsinlər, gündəmdə saxlasınlar. "Dəyirmi masa" keçirsinlər bütün media nümayəndələri, qeyri hökumət təşkilatlarını da dəvət eləsinlər. Siz nəyə görə forumda qaldırmırsınız məsələni? Hara baxırsınız? Siz jurnalistlər özbaşına oturmusunuz, ordan-burdan pul alıb dolanırsınız".
"Hər yerdə tikinti gedə bilər? Yaşıllıq olan yerdə tikinti gedər? Zibilxana var, oranı təmizlə, tikintini tik də. Bilirsiniz, siz jurnalistlər danışa bilmirsiniz qardaş. Sözün reallığı var. Məsələni qaldırın qeyri hökumət təşkilatlarının forumunda. Belə sizin səsinizi eşitməyəcəklər. Bəlkə siz jurnalistlərin səsi ilə onlar birləşsələr, eşidən olar".
Telman Zeynalov dedi ki, Bakıda ağacların qırılması təkcə bir yerdə deyil: "Təkcə bir yer deyil, "Ukrayna dairəsi" deyilən ərazidə də ağacları kəsiblər. Bir nəfər jurnalist məsələni qaldırdı, sonra qurtardı getdi. Siz jurnalistlər gərək hamınız ayağa qalxasınız. Dəyirmi masa keçirəsiniz, göstərəsiniz. İcra hakimiyyətlərinin, Prezident Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrini dəvət eləyin. Nə vaxta qədər bu özbaşınalıq davam eləyəcək?".
Telman Zeynalovun diqqətinə jurnalistlərin işinin problemi ictimailəşdirmək olduğunu çatdıranda bir qədər əsəbiləşdi: "Əşi, ağacları kəsmək qadağandır. Rəhmətlik Heydər Əliyev yadınızdadır nə demişdi? Vəssalam da. Bu məsələni qaldırın da. Niyə qaldırmırsınız? Media nümayəndələrinin hamısını bir yerə yığın - foruma. Azay Quliyevi də dəvət eləyin ora.
Jurnalist eləməlidir bunu da. Bəs kim eləməlidir bunu? Siz problemi gördünüz, məsələni qaldırmalısınız. Sizə dəstək verən QHT-lər də bu məsələdə köməkliklərini göstərəcəklər. Millət qalxacaq ayağa. Çəkib göstərməklə deyil ki. Videonu verdiniz baxdılar, hə, sonra? Jurnalistin vəzifəsi təkcə məsələni işıqlandırmaq deyil. İşıqlandırıb axıra çatdırmaq".
"Tədbiri jurnalistlər keçirəcəklərsə, onda ekologiya ilə bağlı QHT-lərin işi nə olacaq" sualımıza Telman Zeynalovun münasibəti belə oldu: "Dərd orasındadır də. Gedin bunu onlara deyin. Mən işimi görürəm necə lazımdırsa. Tənqid də eləyirəm. Amma siz düz eləmirsiniz".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz