Yollarda nəqliyyat vasitələrini sürmə yaşları - bu hüquq nə vaxt yaranır? - SİYAHI

Avtomobil qaçırma xəbərlərinə il ərzində tez-tez rast gəlirik. Adətən, bunda məqsəd oğurluq edib pul qazanmaq olur. Lakin avtomobili sürmək üçün qaçıranlar da az olmur. Söhbət valideynlərinin müxtəlif markalı avtomobillərini sürmək üçün qaçıranlardan gedir. Onların çoxu yollarda nəqliyyat vasitələrini sürmək hüququnun hansı yaşlarda yaranmasından yəqin ki, xəbərsizdirlər. Bəziləri isə elə bilir ki, 18 yaşı tamam olubsa, istənilən maşını sürə bilər. Əslində isə belə deyil. "Yeniavaz.com" Azərbaycan ərazisində yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlı məlumatları təqdim edir. Hər şeydən öncə sürücülüyə iddialı şəxs sağlamlıq cəhətdən yararlı olmalı, qaydaları bilməli, sürmə vərdişi və sürücülük vəsiqəsi olmalıdır.

Əvvəla, onu qeyd edək ki, Azərbaycan yollarında velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaşdan başlanır.

Asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini yollarda idarə etmək hüququ 16 yaşdan başlanır.

"A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququna yalnız 18 yaşdan yuxarı şəxslər malikdirlər.

"BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan başlanır. Lakin bir şərt var - "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəniz bir ildən az olmamalıdır. Yalnız bu halda həmin hüquq sizə şamil oluna bilər.

Vaxtilə paytaxt küçələrində şütüyən tramvay və trolleybusları isə sürmək hüququ 21 yaşdan başlanırdı. "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ da 21 yaşdan yaranır.

"D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ isə 23 yaşdan başlanır. Lakin burada da bir şərt var. Belə ki, bunun üçün avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəniz beş ildən az olmamalıdır. Bu hüquq 65 yaşadək qüvvədədir, əgər həmin yaşınız tamam olubsa, hüququnuzu itirmiş olursunuz.

"DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 26 yaşdan yaranır. 65 yaş tələbi bu kateqoriyada da qüvvədədir.

Onu da qeyd edək ki, "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər "BE" kateqoriyasına, "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər.

Müəyyən sahələr də var ki, onlara bu sahədə yaş məsələsində güzəştlər tətbiq olunur. Məsələn, hərbi qulluqçular "CE", "D" və "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilirlər.

DİGƏR XƏBƏRLƏR

Top