
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb. Belə ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub. Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub. Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
15:52***
Fövqəladə Hallar Nazirliyi Bakı Dəmiryolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək".
14:02***
Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb. O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb. Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.
13:25***
Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.APA
Tətbiqimizi yükləyə bilərsiniz