
Həftənin şənbə və bazar günləri paytaxtın müxtəlif ərazilərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə kənd təsərrüfatı yarmarkaları təşkil olunur. "Yeniavaz.com" saytı xəbər verir ki, bu yarmarkaların təşkil edilməsində məqsəd əhalinin təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.
Elə yarmarkalara üz tutan vətəndaşların da məqsədi nisbətən ucuz qiymətə kənd təsərrüfatı məhsulları almaqdır. Lakin son dövrlər yarmarkalarda satış qiymətləri bazarlardan, hətta Bakının bir çox yerlərində mağazalardakı satış qiymətlərindən fərqlənmir, baha olduğu vaxtlar da olur.
Həftənin bazar günü Binəqədi rayonunun "Dərnəgül" qəsəbəsində təşkil olunan yarmarkaya üz tutan şəxslərdən birinin saytımıza verdiyi məlumat da yuxarıda yazılanları təsdiq edir. Binəqədi rayon sakini Y. Xəlilov saytımıza açıqlamasında dedi ki, bayram öncəsi alış-veriş etmək üçün sözügedən ünvanda təşkil olunan yarmarkaya gedib: "Həmişə deyirdilər ki, yarmarkalarda qiymət bazarlardan, meyvə-tərəvəz mağazalarından ucuzdur. Elə mən də bu fikirlə ora getmişdim. Şabalıdın 1 kiloqramı yarmarkada 9, 10, 11 manata satılırdı. Baha olduğu üçün yarım kiloqram aldım. Kökün qiyməti 50 qəpik idi, 2 kiloqram aldım. Fındığın qiyməti 5-6 manat arasında dəyişirdi, 1 kiloqram aldım. Bananın 1 kiloqramı 2 manat 60 qəpik idi. Bazarlıq etdikdən sonra evə gəldim. Açığı, evdəkilər yarmarkadan aldığım məhsulların qiymətini biləndə çox təəccüb etdilər. Dediklərinə görə, yaşadığımız "7-ci mikrorayon"da meyvə-tərəvəz mağazalarında qiymət eynidir, hətta bəzisi yarmarkadakından daha ucuz imiş. Məsələn, mən yarmarkadan 1 kiloqramını 9 manata aldığım şabalıddan da yaxşısı evimizin yaxınlığındakı mağazada 8 manata satılırdı. Kökün qiyməti elə burada da 50 qəpikdir, banan da 2 manat 60 qəpiyə. Açığı, mənə çox qəribə gəldi, necə olur ki, yarmarka ilə mağaza qiymətləri eyni olur? Buradakı satış qiymətlərinə nəzarət edilmirmi? Yaxşı olar ki, bayram öncəsi alış-veriş mövzusu daha da aktual olduğu üçün bu məsələyə aydınlıq gətirəsiniz".
Nazirlik: "Elə bir fakt qeydə alınmayıb"
Mövzu ilə bağlı "Yeniavaz.com"un suallarını Kənd Təsərrüfatı Naziriliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev cavablandırdı: "Əgər kimsə belə hallar üzləşirsə, bizim orada nümayəndələrimiz var, onlara müraciət edin. Nazirliyin işçi qrupları var, baytarlıq xidməti, fitosanitarlar var. Onlar yerində bu işə ümumi nəzarət edirlər. Bayramqabağı süni qiymət artırıma cəhd edənlər olarsa, onlar yarmarkadan uzaqlaşdırılırlar. Ancaq bu il hələ elə bir fakt qeydə alınmayıb. Qarşıdan gələn yeni il bayramı ilə bağlı bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Nazirlikdən işçi qruplar da yarmarkada fəaliyyət göstərəcəklər. Əslində kənd təsərrüfatı məhsullarının qiyməti sərbəstdir, liberaldır. Amma ümumi götürəndə kənd təsərrüfatı məhsullarının qiyməti bazara nisbətən bəzi məhsullarda 20 faiz, bəzilərində 15 faiz fərq olur. Xüsusilə heyvan mənşəli məhsulların, ət məhsullarının qiymətində. Ola bilər hansısa məhsulun qiymətində fərq olmasın, ümumi götürəndə bazarla yarmarka arasında qiymətlər təxminən 20 faizədək fərqlənir. Banan yerli məhsul deyil deyə qiymətlər hər yerdə eynidir. Digər məhsulların qiymətini dəqiq bilmirəm. Hər bir yarmarkada bizim nümayəndələrimiz var, onlara müraciət edin. Nümayəndələrimizin hər birində bazarların da qiymətləri var, hər həftə monitorinq aparırlar. Monitorinqlər və qarşılıqlı razılaşma əsasında qiymətlər tənzimlər. Biz fermerə məcbur edə bilmərik ki, mütləq filan qiymətə satsın. Məsələn, deyək ki, bazarda kartofun qiyməti 1 manatdırsa, yarmarkada 70-80 qəpiyə satılır. Çünki istehsalçı özü gətirir və yarmarkada tam sərbəst sata bilir. Yarmarkada nazirliyin nümayəndəsini kimdən soruşsanız, hamı tanıyır. Satıcılar özləri də onları yaxşı tanıyırlar. Hər şənbə və bazar günləri də orada olurlar. Qiymətlə bağlı narazılığı olanlar onlara müraciət edə bilərlər".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz