Azərbaycan Gürcüstana ən çox məhsul satan 2-ci ölkədir

Bu ilin yanvar-noyabr ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 221,8 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 70% və ya 91,3 milyon dollar artıb. Belə ki, ötən ilin ilk 11 ayı ərzində Gürcüstandan Azərbaycana 130,5 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 2-ci ölkə olub. Cari ilin ilk 11 ayında Gürcüstanın ümumi ixracının 9,1%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerdə Rusiya (ilk 11 ay ərzində 355,2 milyon dollar) gəlir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələr arasında Türkiyə (194,6 milyon dollar), Çin (193,7 milyon dollar), Ermənistan (188,2 milyon dollar), Bolqarıstan (158,9 milyon dollar) və ABŞ (115,2 milyon dollar) yer alır.

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 11 ayında Azərbaycandan 522,5 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 25,9% və 107,6 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 4-cü ölkədir. Gürcüstan son 11 ay ərzində Türkiyədən 1 milyard 217,4 milyon dollar, Rusiyadan 698,8 milyon dollar, Çindən isə 640,5 milyon dollar dyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Ukrayna (401,1 milyon dollar), Almaniya (396,3 milyon dollar), Ermənistan (259,2 milyon dollar) və ABŞ (238,2 milyondollar) gəlir.

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 11 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard 563,8 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% çoxdur.
Qonşu ölkənin ixracı 27% artaraq 2 milyard 439,7 milyon dollar, idxal isə 8,8% artaraq 7 milyard 124,1 milyon dollar təşkil edib. Bu ilin ilk 11 ayı ərzində xarici ticarətdə 4 milyard 684,3 milyon dollarlıq mənfi saldo yaranıb.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 15,5%-i), ferroərintilər (11,7%) və minik avtomobilləri (8,1%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,8%) və əczaçılıq məhsulları (4,4%) olub.

DİGƏR XƏBƏRLƏR

Top