Vasif İsmayıl: "İcbari tibbi sığorta vətəndaşlara sərf edir, həkimlərə yox" - SƏBƏBLƏR

"Azərbaycanda uzun müddətdir əhaliyə sözü verilən İcbari Tibbi Sığorta (İTS) 2 pilot bölgədə artıq fəaliyyət göstərir. Bu ilin axırında, yəni 2 həftə sonra bu fəaliyyət üçün ayrılmış müddət sona çatır. Bundan sonra icbari tibbi sığorta ya bütün Azərbaycana yayılacaq, ya da pilot bölgələrdə başlamış fəaliyyət sona çatdırılaraq bu dəftər bağlanacaq. İcbari tibi sığortanın aqibəti haqqında mətbuatda heç bir məlumat verildiyinə şahid olmadım. Rəsmi fərman da verilmədi. Görəsən, nələr olur? Bilmirəm. Amma icbari tibbi sığorta haqqında bəzi fikirlərimi sizinlə bölüşəcəyəm". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib.

"On gün əvvəl İTS-nın fəaliyyətdə olduğu pilot bölgənin ikisində də - Gəncə və Mingəçevirdə oldum. Başa düşürəm; Gəncə əslində İTS-nın pilot bölgəsi deyil. Amma İTS pilot bölgədə müəyyən tibbi xidmət növlərini Gəncədə həyata keçirir.

İzlədiklərim:

- Həkimlərin iş yükü artıb.

- Xəstəxanaya müraciət edən insanların sayı da artıb.

- Müraciətlərin bir qismi əsassızdır. İnsanlar sanki sığortanın müvəqqəti olduğunu düşünüb "fürsət bu fürsət" deyib özlərini yoxlatmaq istəyirlər.

- Bakıda kifayət qədər bahalı olan ciddi müdaxilələr, məsələn ürək angioqrafiyası, ağlasığmaz qiymətə, yəni pulsuz həyata keçirilir.

- Həkimlərdə ümumi narazılıq hökm sürür.

Bölgəyə səfərim sırasında həkimlərlə formal və qeyri-formal şəraitdə söhbətləşmək imkanım oldu. Bölgənin iş yükü çox olan həkimlərindən biri ilə dialoqumuz belə oldu.

Mən:

- Doktor, İTS kimlərə sərf etmir?

Cavabı:

- İndiyə qədər iş yükü çox olan, yaxşı qazanan həkimlərə. Onların gəlirləri azaldı.

Mən:

- İTS kimlərə sərf edir?

Cavabı:

- İndiyə qədər az xəstə baxan həkimlərə və xəstələrə.

İldən çoxdur İTS ilə çalışan həkimin dediyi kimi, sığorta xəstələrə sərf edir.

Anlaşılandır.

Sizə hər şeyi deyə bilmərəm, zira yersiz dedi-qoduya səbəb olar. Lakin İTS sadəcə pulsuz və ya sadə sığorta təbabəti deyil. İTS bölgənin səhiyyə sistemini tamamilə yenidən qurur. Artıq bir neçə xəstəxana baş həkimi istefa edib. İnzibati orqanlarda ciddi narazılıq baş qaldırır. Onları da başa düşmək olar. Çünki illərdir öyrəşdikləri sistem dəyişir. Evinizdə mebelin yerini dəyişəndə belə narahat olursunuz, yekə-yekə xəstəxanaların maliyyələşməsi və idarəsi dəyişəndəmi rahat olacaqsınız?

Özüm onkologiya klinikasının əməkdaşı olduğum üçün şiş xəstələri ilə hər gün təmasda oluram. Son aylarda Mingəçevir və Yevlax bölgəsindən onkoloji xəstələr Bakıda qeydiyyata durmaqdan imtina edir, Gəncəyə gedirlər.

Bunun da səbəbini araşdırdım. Bölgədə onkoloji dərmanların hamısı tamamilə ödənişsiz verilirmiş.

Doğrusu, bunun İTS ilə nə qədər əlaqəsi olduğunu bilmirəm, amma xəstələrlə yaşadığım budur.

İTS-nın veb saytını incələdim. Hesabat xarakterli bir sətir bel yoxdur. Azərbaycanda dövlət qurumları vətəndaşa hesabat vermək alışqanlığına sahib deyillər. Halbuki, bu məsələləri geniş işıqlandırmaq, ictimaiyyətə nailiyyətlərini anlada bilərdilər. Doğrusu, məni də bu susqunluq narahat edir",-deyə Vasif İsmayıl bildirib.

DİGƏR XƏBƏRLƏR

Top