2017-ci ildə ölən jurnalistlərin sayı hesablandı

2017-ci ilin əvvəlindən bəri 28 ölkədə ümumilikdə 97 jurnalist həyatını itirib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatının illik məruzəsində deyilir.

Məruzəyə əsasən, bu il jurnalistlər arasında ölüm hallarının sayı 2016-cı illə müqayisədə (144 nəfər) azdır: “2008-ci ildən bəri ilk dəfə olaraq dünyada KİV əməkdaşları arasında 100-dən az ölüm halı qeydə alınıb. Bununla belə, 10 il ərzində həlak olanların sayı 1197 nəfərə çatıb”.

Təşkilat KİV işçiləri üçün ən təhlükəli ölkələr sırasında birinci yeri Meksikaya verib. Bu ölkədə yanvardan bəri 14 mətbuat işçisi ölüb. İlk beşliyə, həmçinin İraq (9 jurnalist), Əfqanıstan (8), Hindistan (8) və Pakistan (8) daxil olub. Jurnalist ölümlərinin 45-i bu beş ölkənin payına düşüb. Sonrakı yerləri isə müvafiq olaraq Filippin (6), Suriya (6), Somali (5) və Honduras (4) tutur. Rusiya və Türkiyənin hər birində 3 mətbuat işçisi vəfat edib.

Qeyd edilir ki, qurbanlar arasında qadınların sayı artıb. Ötən il 5 qadın jurnalist ölmüşdüsə, cari il bu rəqəm 16-ya yüksəlib. 2017-ci ildə mətbuatın işi üçün ən təhlükəli regionlar Asiya (32), Latın Amerikası (29) və Türkiyə daxil olmaqla Yaxın Şərq (21) olub.

DİGƏR XƏBƏRLƏR

Top