
Xəbər verdiyimiz kimi, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
"Yeniavaz.com" xəbər verir ki, hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil: "Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdən kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz). Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar, bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda da belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.)".
Ekspertin sözlərinə görə, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət hüquqi olaraq qadağan deyil, sadəcə çox təhlükəlidir: "Velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi:
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.
İdmançı velosipedçilərin qrup halında hərəkət vaxtı bu qaydaları pozması ehtimalı böyükdür, çünki onlar bəzən 2 və daha çox cərgə ilə, özü də hamısı birlikdə gedirlər.
Nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb etməlidir. Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur. Bu, bizim qanunun boşluqlarıdır. Velosiped nəqliyyat növü kimi populyar olmadığından belə problemlər hələ gözə dəymir".
Tətbiqimizi yükləyə bilərsiniz