
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə həmin ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Yeniavaz.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, Nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 11 ayında məşğulluğu təmin olunanların 33 faizi, haqqı ödənilən ictimai işlərə cəlb olunanların 30 faizi gənclərdən ibarət olub. Nazirliyin xətti ilə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin isə 57,3 faizini gənclər təşkil edib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən cari ilin yanvar-noyabr aylarında 285 nəfər, Mərkəz istifadəyə verildiyi vaxtdan bəri isə 1310 nəfər peşə kurslarına qəbul olunub.
Bu ilin 11 ayında məşğulluq orqanları tərəfindən 91,4 min nəfər gəncə əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib. Cari ildə 10 universitetdə keçirilən belə tədbirlərdə 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib.
Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Karyerada ilk addım” devizi altında təşkil olunan və 105 müəssisədən nümayəndənin iştirak etdiyi tədbirdə də 22-si dövlət, 285-i özəl sektora aid ümumilikdə 307 boş (vakant) iş yerinin tələbə və məzunlara təklif olunduğu vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz