Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra ən çox müzakirə olunan mövzulardan biri də onun rəhbərliyi dövründə köhnə işində, yəni Təhsil Nazirliyində hansı işlər görməsidir. Mikayıl Cabbarovun rəhbərliyinədək təhsilimizin yaralı yerlərindən biri də ali məktəblərə testdənkənar qəbulların aparılması idi.
Qonşu ölkələrin çox da tanınmayan universitetlərinə qəbul olanların sonradan Azərbaycanın müxtəlif universitetlərinə köçürülmələri də bu problemlərdən biri idi.
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bu mövzuda dəfələrlə açıqlamalar verir, problemləri gündəmə gətirirdi, ancaq ciddi dəyişiklik olmurdu.
Bəs Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə bunun qarşısı alına bilindimi? Ümumiyyətlə, bu istiqamətdə hansı dəyişiklər oldu?
"Saxta sənədlərdən istifadə edərək işə qəbul olunurdular"
Təhsil üzrə ekspert Kamran Əsədov "Yeniavaz.com" saytına açıqlamasında Mikayıl Cabbarovun bu sahədə ciddi dəyişikliklərə imza atdığını bildirdi: "Ümumilikdə mən qeyd edim ki, istər ali məktəblərə, istər orta ixtisas təhsili müəssisələrinə, hətta orta məktəblərə qəbulla bağlı 2013-cü ilin aprel ayından sonra inqilabi dəyişikliklər baş verməyə başladı. Konkret olaraq 2014-cü ildən etibarən orta məktəblərdə müəllim kimi işləyənlər arasında əvvəlki illərdə tələbə olaraq saxta sənədlərdən istifadə edərək işə qəbul olunanların, mərkəzləşdirilmiş imtahandan kənar, daxili qaydalarla qəbul edilənlərin sayı demək olar ki, kifayət qədər azaldı. Konkret olaraq 2016-cı ildən etibarən isə bu, mümkünsüz bir hala çevrildi".
Kamran Əsədovun sözlərinə görə, digər sahələr üzrə qəbul prosesində şəffaflıq təmin edilməsinə başlanılıb: "Hətta 1-ci siniflərə qəbul zamanı da neqativ hallar var idisə, 2014-cü ildən sonra bu azaldı. Bildiyiniz kimi, 2015-ci ildən etibarən bu proses onlayn qaydada həyata keçirilməyə başlayıb".
"Burada məmur rolu danılmaz idi"
Həmsöhbətimiz dedi ki, digər ölkələrin universitetlərinə qəbul olub sonradan müxtəlif məmurların köməkliyi ilə Azərbaycan universitetlərinə qanunsuz köçürülmələrin də qarşısı alınıb: "Təəssüflər olsun ki, Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında yetərli bal toplaya bilməyib Ukraynanın, Dərbəndin, Dağıstanın universitetinə qəbul olan kifayət qədər tələbələrimiz var idi, onlar 1 ildən sonra hansısa yollarla - təbii ki, burada məmur rolu danılmaz idi - Azərbaycanın hətta nüfuzlu ali məktəblərinin ən nüfuzlu ixtisaslarına belə köçürmə edə bilirdilər. Bu, ciddi bir problem idi, təhsilin keyfiyyətinə ciddi şəkildə təsir göstərirdi.
2015-ci ildən etibarən məhz Mikayıl Cabbarovun rəhbərliyi dövründə transfer.edu.az saytı yaradıldı və bütün tələbələr yalnız qəbul imtahanlarında əldə etdikləri nəticələrlə köçürmə prosesinin iştirakçısına çevrildilər, bu da neqativ halların baş verməsini demək olar sıfıra endirdi".
"Mikayıl Cabbarovun rəhbərliyi dövründə..."
"Bundan başqa, bilirsiniz ki, hər bir ali təhsil müəssisəsinin həm Dövlət İmtahan Mərkəzi vasitəsi ilə Azərbaycan vətəndaşlarını, eynilə xarici ölkə vətəndaşlarının da qəbulunu həyata keçirmək səlahiyyətləri var idi. Lakin Mikayıl Cabbarovun rəhbərliyi dövründə, nazir olduğu vaxtda bu proses tam şəffaf həyata keçirildi. Bəzi universitetlərimiz var idi ki, Azərbaycan vətəndaşlarının sənədlərini Dağıstan, Dərbənd kimi ölkələrdə qeydiyyatdan keçirib hətta ən ali ixtisaslarımıza qədər qəbulunu həyata keçirirdilər. 2009-cu ildən 2017-ci ilə qədər ali məktəblərə testdən kənar qəbul olma - "Təhsil Haqqında" Qanunun 13-cü maddəsində göstərilib - yalnız beynəlxalq olimpiadaların, yarışların qaliblərinə mümkündür. Onlar imtahandan kənar, test imtahanında iştirak etmədən, birbaşa həmin ixtisas üzrə qəbul oluna bilirlər. Lakin əvvəlki illərdə isə ciddi şəkildə neqativ hallar var idi. Dövlət İmtahan Mərkəzi təkcə 2014-cü ildə açıqlamışdı ki, 25 mindən çox şəxs diplom alıb, amma onlar bizim imtahanlarımızda yetərli bal toplaya bilməyiblər. Bu da onu göstərir ki, əvvəlki illərdə ciddi şəkildə qanun pozuntuları ilə bu proses həyata keçirilib. Amma son illər ərzində demək olar ki, bu hal baş verməyib",-deyə Kamran Əsədov vurğulayıb.
Nicat