
Sudan Prezidenti Ömər əl-Bəşirin İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısında iştirak etməsi narazılıqla qarşılanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qərarı verdiyi Sudan Prezidentinin dekabrın 13-də İƏT-in sammitinə qatılması İnsan Haqları Assosiasiyası (İHA) tərəfindən qınanılıb.
İHA-nın məsələ ilə bağlı verdiyi bəyanatda Ö. əl-Bəşirin İstanbula gəlib getməsinin məyusluqla qarşılandığı qeyd edilir. Bəyanatda bildirilir ki, BCM-nin Darfur münaqişəsi üzrə yürütdüyü istintaq çərçivəsində Sudan Prezidenti soyqırımda, bəşəriyyətə qarşı cinayətdə və hərbi cinayətlərdə təqsirləndilir: “Sudan hökuməti BCM-nin Ö. əl-Bəşir və digərləri barədə çıxardığı qərarını tanımaqdan və icra etməkdən imtina edib və məhkəmə ilə əməkdaşlıq etməyəcəyini bəyan edib. İHA isə 2008-ci il avqustun 20-də Türkiyənin Ədliyyə Nazirliyinə ünvanladığı məktubda BCM-nin həbsinə qərar verdiyi şəxslərə qarşı Türkiyədə istintaqın başlanılmasına dair icazə verilməsini tələb edib. Lakin bu tələb indiyədək qarşılanmayıb”.
O da vurğulanıb ki, Darfurda soyqırım, bəşəriyyətə qarşı cinayət və hərbi cinayətlər törətməkdə təqsirləndirilən Sudan Prezindentinin həbs edilməsinə dair 2009-cu il martın 4-də BCM tərəfindən qərar verilib: “Türkiyə BCM-nin məhkəmə səlahiyyətini tanıyan Roma statusunun tərəfi deyildir. Lakin bu cür ağır və ciddi ittihamlarla əlaqədar barəsində həbs qərarı verilən dövlət başçısının Türkiyəyə gələrək Qüdslə bağlı qətnaməyə imza atması sorğu-sual edilməlidir. Türkiyənin məhkəmə orqanları Ö. əl-Bəşiri həbs edərək BCM-yə təhvil verməli idi. Darfurda 300 min insanın ölümünə səbən olan ən önəmli şəxslərdən birisi olan Ö. əl-Bəşirin Fələstinin davasına hansı töhfəyi verə bilər? Bu cür insanın Prezident ilə görüşməsi Türkiyəyə nə cür töhfə verə bilər? Türkiyə ölkə daxilində və xaricində ədalət prinsipindən uzaqlaşmamalıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz