
"ATƏT-in Nazirlər Şurasının dekabrın 8 və 9-da Vyanada toplantısı oldu. Həmin toplantıda ATƏT-in Minsk Qrupu həmsədlərinin (ABŞ, Rusiya və Fransa) xarici işlər nazirlərinin adından Qarabağ münaqişəsinin həlliylə bağlı ortaq bəyanat yayınlandı. ATƏT Nazirlər Şurası ildə bir dəfə keçirilir və hər ilə həmsədr dövlətlərin xarici işlər nazirlərinin Qarabağla bağlı ortaq bəyanatı yayınlanır. Bu bəyanatların mətni oxşardır". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Budəfəki bəyanatda da sülhdən, müzakirələrin davam etdirilməsi vacibliyindən danışıldı. Helsinki Yekun aktının 3 maddəsi yenə xatırladılıb:
1. Münaqişələrin həlli zamanı güc tətbiq olunmamalı və danışıqlara üstünlük verilməlidir;
2. Ərazi bütövlüyü əsas götürülməlidir;
3. Xalqların özmüədərratlarının təyin etmə prinsipi əsas götürülməlidir.
Sonunucu iki prinsip bir-birinə ziddir. Ona görə də Qarabağ münaqişəsi həll olunmur. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların özmüqəddərratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq özmüqədərratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə özmüqədərratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezident İlham Əliyev dəfələrlə bildirib. Bu Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, “Dağlıq Qarabağın müstəqlliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək”.
Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır.
Vasitəçilər Azərbaycanla Ermənistanı mümkün qədər danışıqlar prosesində saxlamağa çalışacaq. İndiki vəziyyətdə hər iki tərəf yeni toqquşmada maraqlı deyil. Buna 2018-ci ildəki seçki fakrotu da mane olur. 2018-ci ildə Azərbaycanda və Rusiyada prezident, Ermənistanda isə parlament seçkisi keçiriləcək.
Buna baxmayaraq, bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-nin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəriləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıblar və bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər.
Tətbiqimizi yükləyə bilərsiniz