
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 152,2 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 23,2% və ya 3 milyard 667,8 milyon manat azalıb.
Məlumat üçün qeyd edək ki, ilin əvvəlindən davamlı olaraq azalan kredit qoyuluşunda may, iyun aylarında artım olsa da sonrakı aylarda yenidən azalmağa başlayıb. Bundan başqa avqust ayı ilə müqayisədə sentyabr ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 60,6 milyon manat artıb. Lakin oktyabr ayında kreditlərin həcmi yenidən azalıb. Artım xarici valyutada verilən kreditlər üzrə daha çox olub. Milli valyutada verilən kreditlər də azalıb. Son bir ayda milli valyutada verilən kreditlər 61,5 milyon manata azaldığı halda, xarici valyutada verilən kreditlər isə 223,5 milyon manat azalıb.
Ümumilikdə isə verilən kreditlərin 58,8%-i və ya 7 milyard 153,2 milyon manatı milli valyutada, 41,2%-i və ya 4 milyard 999 milyon manatı isə xarici valyutada olub.
Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabr ayının əvvəlinə problemli kreditlərin həcmi 514 milyon manat və ya 37,4% artaraq 1 milyard 889,6 milyon manata yüksəlib.
Milli valyutada verilən 7 milyard 153,2 milyon manatlıq kreditlərin 945 milyon manatı, xarici valyutada verilən 4 milyard 999 milyon manatlıq kreditlərin isə 944,6 milyon manatı vaxtında geri qaytarılmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz