Əjdər Ağayev: "Təhsil naziri təyin ediləcək adam dürüst, təmənnasız insan olmalıdır"

Təhsil naziri vəzifəsinə dövlət başçısı tərəfindən hələ ki, yeni təyinat olmayıb. Yeni nazirin kim ola biləcəyi ilə bağlı müzakirələr davam edir. "Yeniavaz.com" saytı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin bu məsələ ilə bağlı mövqeyini öyrənib: "Yeni təhsil naziri kimin olmasını istəyərdiniz?" sualınıza cavab olaraq mən şəxs adı çəkmək istəməzdim. Çünki namizəd olaraq adını çəkə biləcəyim çox adam var. Birinin adını çəkib digərini narazı salmaq istəməzdim. Mən nazir ola biləsi şəxsiyyətlərin çoxunu tanıyıram və hamısının da mənə hörməti var. Amma siz məsələni düz qoyursunuz - hansı keyfiyyətləri, bacarıqları özündə daşıyan adam nazir olmalıdır? Mənim fikrimcə, bu sahəyə elə adam rəhbərlik eləməlidir ki, mütəxəssis olsun. Yüksək intellektual səviyyəsi, dünyagörüşü, bacarıqları olsun və həm də müasir dövrün tələblərinə görə dünya təcrübəsi ilə tanış olsun. Yaxşı olar ki, xarici dillərdən də hansınısa bilsin.

Sırf Təhsil Nazirliyinə pedaqoji sahədə təcrübəsi olan, ali məktəbdəmi, orta məktəbdəmi - haradasa pedaqoji prosesdə iştirak eləmiş, auditoriyanın, pedaqoji prosesin mahiyyətini görmüş, duymuş, onu yaşamış şəxsin rəhbər gətirilməsini istəyərdim.

İkincisi, həmin şəxs təhsil elmindən xəbərdar olsun. Təhsil sahəsi belədir ki, onun 2 istiqaməti var. Biri hüquq bazasıdır, ikincisi pedaqoji tələblərdir, prinsiplərdir, metodlardır, yanaşmalardır. Çünki müəllim daşla, dəmirlə işləmir, insanla işləyir. Müəllimə rəhbərlik edən şəxsin özü və ətrafı, komandası bu işlərə bələd olmalıdır. Ola bilər ki, nazir olan şəxs həmin vaxt bu işlərə tam bələd olmasın, amma ağıllı, tədbirli, dünyagörüşü, təcrübi baxımdan yetkin bir insan olsun. Ən azından gərək onun komandası bu işləri bilsin. Orada şöbə müdirləri var, bölmə, sektor müdirləri var, onlar əgər 1 saat da dərs deməyiblərsə, pedoqoji işi bilmirlərsə, hər şeyə iqtisadi və hüquq müstəvisindən yanaşırlarsa, bu cəmiyyətdə də narazılıq yaradır. Çünki o vəzifə müəllimin yeridir. Əgər müəllimin yeridirsə, onda o vəzifəni niyə hüquqşünas, niyə iqtisadçı tutmalıdır? Bu müəllimlərdə də narazılıq yaradır ki, mənim perspektivim yoxdur, inkişafım yoxdur".

Əjdər Ağayevin sözlərinə görə, müəllimlərin vəzifələrə irəli çəkilməməsi onları ruhdan sala bilər: "Vaxtilə yaxşı təcrübə var idi, ideoloji sahələrə, vəzifələrə müəllimləri çəkirdilər. Ona görə də kişi müəllimlər çox idi. İndi kişi müəllimlər azdır. Niyə azdır? Çünki perspektivini görmür. Xalqın tələbini, pedaqoji tələbləri, tənzimlənməni həyata keçirə bilən, təbii ki, təşkilatçılıq qabiliyyəti olan və insanlara həm humanist, həm də tələbkarlıqla yanaşa bilən, ədalətli, eyni zamanda kimlərisə tanıyıram, onlara üstünlük verim şəklində yox, pedaqoji cəmiyyətdən, pedaqoji ictimaiyyətdən ən layiqliləri axtarıb tapıb, tanıyıb onlara üstünlük verə bilən, şərait yaradan, universal keyfiyyətlərin tətbiqində özünün xüsusi bacarığı olduğunu meydana çıxaran bir insan nazir olmalıdır. Təbii ki, belə bir insan olmamış deyil. Mütləq deyil ki, ideallıq olsun, o işləyə-işləyə də formalaşa bilər. Belə bir insanı mən nazir görmək istəyərdim. Birinci istəyim odur ki, pedaqoji sahənin mütəxəssisi olsun, müəllimi düşünsün, işin mahiyyətini bilsin, qiymət verə bilsin, yəni peşəkarlıq şəraiti olsun.

İkinci əlbəttə, ləyaqət məsələsidir. Filosoflardan biri deyir ki, "vəzifəyə insan təyin eləyərkən bacarıqlardan qabaq ləyaqətinə fikir vermək lazımdır. Bu adam dürüst, təmənnasız, ləyaqətli olsun. Məsələ təkcə işin icrası deyil, inamın yaradılmasıdır. İnsanlar inansınlar ki, bu tapıntı yaxşıdır, onda əhvali-ruhiyyə də yüksəlir, inam formalaşır. Mən istəyərdim ki, o dediyim keyfiyyətləri özündə daşıyan hər hansı bir qadınmı, kişimi - təcrübəli insan təyin edilsin. Xarici dili bilmək şəxsi bacarıqlardır, peşəkarlıq deyil. Ona görə də bu təyinatda birinci növbədə peşəkarlıq önə çəkilməlidir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top