Məleykə Abbaszadə təhsil naziri olacaq? - "Təhsil Nazirliyi və DİM birləşdirilə bilər"

Mikayıl Cabbarov vergilər naziri təyin ediləndən sonra təhsil naziri vəzifəsi boş qalıb. Bir neçə gündür yeni təhsil nazirinin kim olacağı və ya necə bir şəxs olmasının vacibliyi ilə bağlı cəmiyyət arasında müzakirələr gedir. "Yeniavaz.com" saytı bununla bağlı təhsil ekspertlərinin mövqeyini öyrənib. Fikirlər bir qədər geniş olduğundan onları ayrı-ayrı təqdim edirik. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son günlər baş verən bəzi hadisələr onda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birləşdirilə biləcəyi təəssüratını yaradıb: "DİM-in saytı və internet xidmətlərinin fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyi publik hüquqi şəxsə çevrilə və Məleykə Abbaszadə rəhbər ola bilər. Ehtimallar içərisində ən real ola biləni budur.

DİM hazırda bütün dövlət orqanlarına, orta ixtisas təhsili müəssisələrinə, ali məktəblərə, dövlət qulluğuna imtahan keçirir. Kifayət qədər işləri var. Məleykə xanım Abbaszadə fəaliyyəti dövründə tamamilə şəffaf, obyektivlik nümayiş etdirib.

DİM-in saytı və internet xidmətlərinin fəaliyyətinin dayandırılması ilə bağlı deyirlər ki, üzərində iş gedir. Mən təhsil araşdırmaçısı olaraq düşünürəm ki, Təhsil Nazirliyi ilə DİM-in internet resursları birləşdiriləcək. Artıq 2 gündür DİM-in rəsmi elanından sonra elektron xidmətlər də dayandırılıb.

Təbii ki, M. Abbaszadə təhsilin idarə edilməsi ilə bağlı ən uğurlu namizədlərdən biridir. Ona görə ki, novator idarəçidir, gözəl menecerdir, təhsili bilən insandır. Həm də komandanı işlədə bilən bir şəxsdir. Elan verdilər ki, DİM-in saytının və internet xidmətlərinin fəaliyyətinin dayandırılması bir neçə həftə davam edəcək, yenilik edəcəyik. Məleykə xanım Abbaszadənin təhsil naziri və yaxud qurumlar birləşdiriləndən sonra onun rəhbəri olması ictimaiyyət arasında kifayət qədər müsbət qarşılanardı. Bu ehtimalı mən 99 faiz dəyərləndirirəm. Bir faiz isə digər namizədlərin üzərində dayanardım".

Digər ehtimallara və yeni təhsil nazirinin necə bir şəxs olması ilə bağlı fikirlərə gəlincə, K. Əsədov: "Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Artıq ənənəvi kompetensiyalara, bilik və bacarıqlara malik insanlar belə deyək, lazım deyil. Yeni təyin olunacaq nazir təkcə Azərbaycan təhsilini yox, dünya təhsilini də bilməlidir. Təhsil dövlət büdcəsindən, dövlət idarəçiliyindən asılı olmamalıdır. "Təhsil öz-özünü maliyyələşdirməlidir" prinsipini əsas götürərək menecerliyi ciddi şəkildə bacaran, vətəndaşlarla mütəmadi olaraq şəxsən görüşə bilən, komandasına təhsildə istər müsbət, istər mənfi halla bağlı operativ münasibət bildirən, kadr yığa biləcək şəxs nazir olmalıdır.

Mikayıl Cabbarov Təhsil Nazirliyinə rəhbərlik etdiyi müddət ərzində əvvəlki illərlə müqayisədə müsbətə doğru ciddi dəyişiklik olmuşdu. Həmçinin vətəndaşların müraciəti, şikayətlərə baxılması məsələsində... Yeni nazir daha operativ, daha çevik insan olmalıdır. Yeni nazirin kim olması ilə bağlı təkliflər irəli sürülür. İnsanların çoxu məşhur kimdirsə, onun nazir olacağını gözləyir. Bizim tanımadığımız elə bir insan var ki, o da bacara bilər bu vəzifəni. Mən namizədlər siyahısına baxıram - bəziləri Abel müəllimi deyir, Kamal Abdullanı çox istəyirlər. Bilirsiniz, onlar gözəl rektordular, ali təhsili idarə edirlər. Ancaq onlar təhsil naziri olacaq şəxs deyillər. Bizə elə gəlir ki, kifayət qədər tanınmış bir adam olsa, vəziyyət düzələcək. Xeyr. Təhsildə birincisi, hədəflər və məqsədlər olmalıdır. Bunları həyata keçirəcək şəxs olmalıdır. Məsələn, biz deyirik ki, Qənirə Paşayeva olsun. Bəli, Qənirə Paşayeva uğurlu namizəddir. Qənirə xanım təhsili nə qədər bilir, ona heç kimin şübhəsi yoxdur, çünki parlamentdə ən aktiv şəxsdir. Amma onun komandası varmı? Yenidən biz bir komandanın yığılmasını gözləyə bilmərik axı. Təbii ki, mənim namizədlərimin sırasında təhsil nazirinin müavini Ceyhun Bayramov da var. Çünki bu komanda artıq müsbət bir yola çıxıb. İkinci gözləntim Nərgiz xanım Paşayevadır. Real namizədlərdən biridir. Çünki onun dünya təhsilindən də yüksək səviyyədə xəbəri var, təhsildə neqativ hallar aradan qalxar. Təhsil naziri o şəxs olmalıdır ki, onun nüfuzu təhsildə neqativ halların aradan qaldırılmasına gətirib çıxartsın.

Yeni təyin olunacaq nazirin fəaliyyəti təsirlərə məruz qalmaqla zəifləyəcəksə, elə bir adam lazım deyil. Təyin olunacaq şəxs Milli Məclisin deputatlarından biri də ola bilər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun da nazir olması mümkündür. Azərbaycan Diplomatik Akademiyasının prorektorlarından birinin də nazir təyin edilmə ehtimalı var. Yeni təyin ediləcək nazirin menecerlik qabiliyyəti olmalıdır, düşünməlidir ki, təhsil gəlir gətirməlidir. Bu gəlir rüşvət deyil, xaricdən tələbə axını olmalıdır. Mən daha çox belə namizədlərə üstünlük verərdim".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top