Əməkdaşımız Cocuq Mərcanlıdan yazır FOTOLAR

Bir qrup Mingəçevir ziyalısı Cocuq Mərcanlıya səfər edib. Səfər edənlər arasında "Yeniavaz.com" saytının Mingəçevir şöbəsinin əməkdaşı da var.

Qonaqlar əvvəlcə Cocuq Mərcanlı kənd orta məktəbində olub müəllim və şagirdlərlə görüşüblər. Görüş zamanı Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov çıxış edərək gəlişin məqsədini bildirərək qeyd edib ki, biz həmişə sizinləyik, sizə arxa dayaq olmaq üçün burdayıq deyib.

24 il dən sonra ilk dəfə vətəninə, torpağına dönən şair, publisist İsmayıl Mərcanlı bu görüşdə sevinc göz yaşları içərisində həmvətənləri görüşüb, öz ürək sözlərini onlara çatdırıb. Məktəblilərə Mingəçevir Turizm Kollecinin tələbələrinin göndərdiyi kitablar hədiyyə edilib. Daha sonra ziyalılar məktblə yaxşndan tanış olublar. Burada yaradılan şərait hər kəsdə xoş ovqat yaradıb. Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verərək bildirib ki, Azərbaycan Ordusu ötən ilin aprel döyüşlərində erməni təxribatına layiqli cavab verərək, böyük əraziləri işğaldan azad etməklə adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırdı: "Erməni işğalından azad edilmiş ərazilərimizdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. İndi bu kənddə bərpa prosesi gedir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular".

Xanlar müəllim onu da bildirib ki, iyirmi iki il sonra - 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazıb: "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı".

Günün sonunda mingəçevirlilər Cocuq Mərcanlıda yaradılan şəraitlə yaxından tanış olub, 55 günə tikilib istifadəyə verilmiş Şuşa məscidinin bənzəri olan məscidi də ziyarət etdikdən sonra bura yenidən gəlmək arzusu ilə Mingəçevirə dönüblər.

Esmira Hidayətova, Cocuq Mərcanlı

DİGƏR XƏBƏRLƏR

Top