
Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sektorda islahatlar aparılması məsələsini yenidən gündəmə gətirib. İqtisadçı ekspert Rəşad Həsənov "Yeniavaz.com" saytına açıqlamasında öz təşəbbüslərini irəli sürüb və təyinata münasibət bildirib.
Rəşad Həsənovun sözlərinə görə, yeni təyinat vergi siyasətində yumşalmalara səbəb ola bilər: "Əvvəla, onu qeyd edim ki, Mikayıl Cabbarov bu sektora yaxın adam deyildi. Gözlənilməyən bir qərar idi mənim fikrimcə. Amma eyni zamanda Mikayıl Cabbarovun vergilər naziri təyin olunması bu istiqamətdə də qiymətləndirilə bilər ki, növbəti dövrlərdə ola bilsin vergi siyasəti nisbətən yumşaldılsın. Çünki vergi qurumları ilə sahibkarlıq subyektləri arasında uzunmüddətli dövrdə formalaşmış anlaşılmazlıq var. Nazirliyin reputasiyası o qədər də yüksək deyildi. Bundan sonrakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyini birmənalı şəkildə demək çox çətindir. Nazirlərin fərdi bacarıqları və keyfiyyətlərindən asılı olaraq onların idarə etdiyi qurumların inkişafı istiqamətində və ya davranışında müəyyən dəyişikliklər baş verir. Ola bilsin bənzər dəyişikliklər Vergilər Nazirliyinin bundan sonrakı proseslərə yanaşmasında da baş versin. Amma bir məsələ də var ki, Azərbaycan kimi ölkələrdə şəxslərin dəyişməsi ümumi siyasi istiqamətin dəyişməsinə gətirib çıxarmır bəzi hallarda. Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsində formalaşdırdığı ilk təəssürat ondan ibarətdir ki, əvvəlki nazirlə müqayisədə daha loyal adamdır, düşünürəm ki, bu loyallıq bundan sonrakı dövrdə Vergilər Nazirliyinin sahibkarlarla fəaliyyətinə, eyni zamanda vergi siyasətinə də sirayət edə bilər. Mümkündür ki, əvvəlki dövrlərdə formalaşmış neqativ ənənələr, xüsusilə məmur sahibkarlığı və Vergilər Nazirliyi arasında qeyri-rəsmi münasibətlər, himayədarlıq məsələləri müəyyən qədər zəifləsin. Yeni nazir böyük ehtimalla bu istiqamətdə anlaşmalara getməyə bilər. Bu isə son nəticədə qeyri-rəmi iqtisadiyyatın leqallaşması prosesini sürətləndirə bilər. Amma konkret olaraq proqnozlar vermək çox çətindir. Yüzlərlə faktor növbəti dövrlərdə baş verəcəklərə təsir edir. Eyni zamanda Azərbaycanda bəzi hallarda şəxslərin dəyişməsi ümumi siyasətin dəyişməsinə gətirib çıxarmır. Bu da bir fakt olaraq qalır. Ümid edək ki, son dəyişiklik Azərbaycan iqtisadiyyatının hazırkı dövründə iqtisadi inkişafı dəstəkləyəcək istiqamətli olacaqdır. Bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirləri sürətləndirəcəkdir".
İqtisadçı öz təkliflərini də dilə gətirdi: "Birincisi, nazirliyin reputasiyası üzərində işlər aparılmalıdır. Nazirliyin fəaliyyəti onun ictimai reputasiyasını kəskin şəkildə aşağı salıb. Nazirliyin əməkdaşları real sektor tərəfindən sanki güc, təzyiq strukturunun təmsilçiləri kimi qarşılanırlar, belə görünürdülər. İlk növbədə real sektor iştirakçıları ilə Vergilər Nazirliyi arasındakı münasibətlər daha sivil formaya gətirilməlidir. Ümid edirəm ki, yeni nazir bu istiqamətdə konkret addımlar atacaqdır.
Himayədarlıq məsələlərini birmənalı şəkildə aradan qaldırmaq lazımdır. Ölkə iqtisadiyyatında rəqabət mühiti onsuz da kifayət qədər zəifdir və bu himayədarlıq isə son nəticədə rəqabət mühitini daha da pisləşdirir. Hansısa müəssisə vergi ödənişi etmədiyi halda onun xərcləri aşağı düşür, belə şəraitdə onun rəqabət aparması və digər rəqiblərini məhv etməsi imkanı daha asan olur. Bu isə son nəticədə eyni sektorda fəaliyyət göstərən iqtisadi subyektlərin azalmasına və beləliklə, rəqabətsiz biznes mühitinin formalaşmasına gətirib çıxarır.
Digər tərəfdən, vergi yükü ilə bağlı Mikayıl Cabbarovun hökumət qarşısında konkret məsələlər qaldırmasını gözləyirik. Azərbaycanda kommersiya gəlirlərində vergi yükü həddindən artıq çoxdur. Dünya bankının hesabatlarından görünür ki, vergi yükü kommersiya gəlirlərində Azərbaycanda 39,8 faizdir. Amma qonşu Gürcüstanda müvafiq göstərici 16 faizdir. Neft ölkələrində biznesin inkişafı istiqamətində təşviqedici addımların atılması imkanları çoxdur. Çünki onların büdcə gəlirləri sadəcə iqtisadiyyatın real sektorundan deyil, eyni zamanda resursun idarə edilməsindən əldə olunur. Neft ölkələri ilə müqayisə eləsək, Qətərdə vergi gəliri 14 faiz, Küveytdə 15 faiz, Səudiyyə Ərəbistanında 16 faiz, Birləşmiş Ərəb Əmirliyində 15 faizdir. Bu göstəricilərlə müqayisə eləyəndə əslində Azərbaycanda qeyri-leqal biznes dövriyyəsini, gizli iqtisadiyyatı da başa düşmək olur. Əgər Azərbaycan hökuməti gizli iqtisadiyyatla səmərəli mübarizə aparmaq, biznesin leqallaşmasını istəyirsə, bu zaman atacağı ilk addımlardan biri də vergi yükünün azaldılması olmalıdır.
2016-cı ilin dekabrında 200-ə yaxın dəyişiklik edildi, amma son nəticədə toplananaların yeri dəyişmir - vergi yükünün azaldılması istiqamətində əhəmiyyətli dəyişiklik baş vermədi.
Mikayıl Cabbarovun bu məsələni gündəmə gətirməsi, müdafiə etməsi və bu istiqamətdə konkret nəticələrin əldə olunacağına ümid edirəm. Əgər biz qeyri-neft iqtisadiyyatının inkişafından danışıqırsa, kiçik və orta sahibkarlığın iqtisadiyyatda, o cümlədən məşğulluqda xüsusi çəkisinin artırılmasından danışırıqsa, bu, çox əhəmiyyətli məqamlardan biridir. Bu istiqamətlərdə mən inanmaq istərdim ki, Mikayıl Cabbarovun rəhbərliyi ilə ciddi işlər aparılacaq".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz