"Vəsaitlərin hara və necə xərclənməsi barədə çoxlu şübhəli məqamlar var"

Bu gün "Günəşli" yatağında baş verən faciədən 2 il ötür. Hadisə 2015-ci ilin 4 dekabr tarixində baş vermişdi. SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

Partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxılıb. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən sonra özüldə baş verən yanğını söndürmək üçün yanğınsöndürən və xilasedici gəmilər əraziyə gəlib.

Lakin qasırğanın güclənməsi, dalğanın hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Axşam saatlarında isə güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.

Hadisə zamanı platformada 63 nəfər işçi olub. Onlardan 33-ü xilas edilsə də, 30 nəfər itkin düşüb. İtkin düşənlərdən 12-nin meyiti tapılsa da, 18 nəfərdən bu günə qədər xəbər yoxdur.

Sadə vətəndaşların çoxunda indi də belə bir sual var: yenə eyni təbii fəlakət baş versə, eyni itkilər ola bilərmi, yoxsa neftçilərin təhlükəsizliyi baxımından o vaxtdan çox şey dəyişib?

Mövzu ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

"Ola bilər və olacaq da. Ona görə ki, əksər estakada və dəniz özüllərinin istismar müddəti başa çatıb. Bu sahəyə ayrılan vəsaitin xərclənməsi isə şəffaf deyil. Ciddi, müstəqil yoxlama olsa, bir çox şübhəli məqamlar və qəza səbəbləri ortaya çıxar. Zamanında təmir olunmayan qurğularda korroziya nəticəsində çürümə başlayır. Baş verən qəzalara görə isə bu vaxtadək vəzifə sahibinin cəzalanmaması yuxarıda qeyd etdiklərimin sübutudur. Qəza səbəblərindən biri də idarə və müəssisələrdə Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə ictimai nəzarət həyata keçirən (maddə 309) həmkarlar təşkilatlarıdır. İşəgötürənin qeyri-rəsmi strukturuna çevrilmiş Həmkarlar Təşkilatı işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmasına nəzarət etmir. Məhz Həmkarlar Təşkilatının nəzarətsizliyi ucbatından, SOCAR strukturlarında Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində hər il günahsız insan həlak olur".

"Həmin dövrdə dünyasını dəyişmiş neftçilərin ailələrindən sizə müraciət daxil olurmu? Yəni xüsusən gənc yaşda dünyasını dəyişib, azyaşlı övladları qalan neftçilərin ailələrinə hər hansı yardımlar olunurmu, bu barədə sizdə məlumat varmı?" sualımıza M. Qəhrəmanlı belə cavab verdi: "Bu sahədə problem olmayıb".

"Neftçilərin təhlükəsizliyi baxımından hansı addımların atılmasını istəyərdiniz?" sualımıza isə Mirvari xanımın münasibəti belə oldu: "Təbii ki, SOCAR rəhbərliyi bu qəzaların səbəbkarını yaxşı bilir. Amma cəzalandırmır. Səbəb müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalı və günahkarlar cəzalanmalıdır. Həmkarlar Təşkilatı müstəqil olmadığından öz iradını işəgötürənə bildirməyə qorxur. Ona görə ki, Həmkarlar Təşkilatında sədrlər işəgötürənin razılaşdığı adam olmalıdır. Müstəqil Həmkarlar Təşkilatı yaradılmasına ciddi ehtiyac duyulur. Əməyin təhlükəsizliyinə, əsaslı təmirə, tikintiyə ayrılmış vəsaitlər təyinatı üzrə xərclənməlidir. Bu vəsaitlərin hara və necə xərclənməsi barədə çoxlu sayda şübhəli məqamlar var. SOCAR bu şübhələri aradan qaldırmalı, müvafiq qurumlar ciddi araşdırma aparmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top