Bir çoxlarının, xüsusilə uşaqların sevdiyi qidalardan biri də şokolad yağlarıdır. İlk baxışdan və dadından şokolad yağları heç kəsi şübhələndirmir və elə buna görə də valideynlər demək olar ki, ay ərzində ən azı bir dəfə şokolad yağı alırlar. Əvvəllər şokolad yağlarının qiyməti çox ucuz idi, ancaq son vaxtlar bir neçə dəfə bahalaşıb. Yəqin ki, bunun bir səbəbi də bu məhsullara tələbatın olmasıdır. Hər halda kifayət qədər alıcısı olmasaydı, şokolad yağları bu qədər bahalaşmazdı.
Onu da bildirək ki, hazırda ticarət mərkəzlərində satışa çıxarılan bir neçə növ şokolad yağı var. Onların əksəriyyətinin yerli istehsal olduğunu demək olar. Türkiyədə istehsal olunaraq ölkəmizə gətirilən şokolad yağlarının qiyməti yerli məhsullarla müqayisədə xeyli baha olduğundan alıcısı o qədər də çox deyil. Belə deyək, maddi imkanı qənaətbəxş olmayan insanlar daha çox ucuz şokolad yağı alırlar.
Təəssüf ki, bir çox məhsullarda olduğu kimi, şokolad yağları da qablaşdırılarkən onun tərkibi üzərində hədsiz kiçik yazılır. Ola bilsin istehsalçı şirkətlər alıcıların həmin yazıları rahat oxuya bilməsində maraqlı deyillər deyə bu addımı atırlar.
Halbuki diqqətlə oxuduqda görmək olar ki, şokolad yağlarının demək olar əksəriyyətinin üzərinə istehsal zamanı palma yağından istifadə edildiyi yazılır. Bəzi şokolad yağlarının qabının üzərində isə "palma yağı maye franksiyasının qarışığından istifadə olunub" deyə qeyd edilib.
Onu da əlavə edək ki, palma yağları ilə bağlı dünya səhiyyəsində münasibət birmənalı deyil.
Məsələn, palma yağının insan orqanizmi üçün təhlükəli olduğu barədə dünya mətbuatında çox yazılır. İddia olunur ki, bu yağlar xüsusilə uşaq orqanizmi çox təhlükəlidir.
Lakin buna baxmayaraq, dünyada palma yağından məhsulların istehsalında geniş istifadə olunmaqdadır. Buna səbəb isə həmin yağların ucuz başa gəlməsi və istehsalçı şirkətlərə sərf etməsidir. Palma yağı uzunömürlü və ucuz yağ hesab edilir.
Bəzi mənbələrə görə, uşaqların yediyi qidaların tərkibində palma yağının olması onların sağlamlığı üçün təhlükəlidir. Belə ki, palma yağının uşaq orqanizmində tam həzm olunmadığı iddia olunur.
İllər öncə bir çox ölkələrdə istehsal zamanı məhsulların üzərinə "palma yağı" əvəzinə, "bitki yağı" yazılırdı. Lakin Avropa Birliyinin bununla bağlı şirkətlərə təzyiqindən sonra yazı dəyişdirildi.
Bəzi mənbələrdə isə iddia olunur ki, bu yağ ürək xəstəlikləri və köklüyə də səbəb olur.
Hər il dünyada 50 milyon ton palma yağından istifadə edildiyi bildirilir.
Palma yağından xörəklərin, salatların hazırlanmasında, qida sənayesində, dondurmanın, şokoladın, çipslərin, hazır sıyıqların, un məmulatlarının istehsalında geniş istifadə olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dəfələrlə mətbuata açıqlamasında palma yağı ilə bağlı sualları cavablandırıb.
Onun sözlərinə görə, bununla bağlı AİB-ə müraciətlər daxil olur: "Təəssüf ki, biz bu yağların tədqiqatını apara bilməmişik. Buna baxmayaraq, vətəndaşlar tərəfindən bizə ünvanlanan, faktlar göstərilən həmin müraciətlərə biganə yanaşılmamalıdır. Heç kəs istehlakçıların hüquqlarını pozmamalıdır, palma yağını kərə yağı adı altında satmamalıdır. Hətta əgər hansısa istehsalçı məhsulun istehsalında palma yağından istifadə edirsə, qatqı qatırsa, bunu qablaşdırmanın üzərində bildirməlidir".
Eyyub Hüseynov istehlakçılara məhsul alarkən onun istehsal tarixinə, tərkibinə, üzərində yazılmış məlumatlara biganə olmamağı, həmin yazıları oxumağı məsləhət görür: "Elə insanlar var ki, illərlə eyni məhsuldan istifadə edirlər. Lakin onun tərkibində nə yazıldığına bir dəfə də olsun diqqət yetirməyiblər. Hətta özlərinə həmin məhsulun tərkibindəki problemlə bağlı məlumat verəndə təəccüblənirlər, ilk dəfə xəbər tutduqlarını bildirirlər. Bu məsələdə azyaşlıların, uşaqların günahı yoxdur. Valideyn nə alırsa, süfrəyə nə qoyursa, uşaq da onu yeyir. Ona görə də xüsusilə evində azyaşlı olan valideynlər də məhsulların tərkibinə diqqət yetirməlidirlər".
Nicat