
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən 300-ə qədər dəyişiklik edildi və bu, geniş müzakirələrə səbəb olub. Hüquqşünaslar bildirirlər ki, hazırda 353 maddədən ibarət olan Cinayət Məcəlləsinə qeyd olunmuş sayda dəyişikliklərin olunması artıq onun kompleks şəkildə təkmilləşdirilməsindən xəbər verir. Həmçinin bu, humanist addım kimi də müsbət qiymətləndirilir.
Dəyişikliklə indiyədək nəzərdə tutulmuş 18 cinayət əməli dekriminallaşdırılmış, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsasları genişləndirilərək, 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödənişin edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə isə narkomaniya xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi təsbit olunub. Həmçinin 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilməsi, 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının daha az müddətlərinin müəyyən edilməsi yolu ilə yüngülləşdirilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirdi ki, bu kimi dəyişikliklər ümumilikdə müsbət haldır: “Cəmiyyət dəyişdikcə, inkişaf etdikcə təbii olaraq qanunlarda da dəyişiklik edilməsinə ehtiyac var. Bu, müsbət haldır və belə də olmalıdır. Hüquqi-demokratik dövlətlərdə bu kimi dəyişikliklərin faydası çox böyük olur. Əvvəllər Cinayət Məcəlləsinə hər hansı bir əlavə və ya dəyişiklik edən zaman təcrübəli işçilərdən çox istifadə edirdilər. Çünki elə bir maddə ola bilər ki, nə qədər nəzəri baxımdan hüquqi yaxşı bilsən də, onu tuta bilmərsən. Ona görə də əməliyyat, istintaq işində uzun müddət işləyib, təqaüdə çıxmış adamların da təkliflərini dinləmək yaxşı olar. SSRİ yaranan zaman bir qanunvericilik qəbul edildi, 1960-cı illərdə isə yenisi ilə əvəzlədilər. Həmin dövrdə qanunlara zaman-zaman dəyişiklik edirdilər. Ancaq ümumilikdə SSRİ məkanında qanun dəyişikliyi çox az hallarda baş verirdi. Müstəqillik əldə olunandan sonra da müəyyən dəyişikliklər edildi. Uzun müddət idi ki, bu istiqamətdə addım atılmırdı. İndi isə məlum olduğu kimi Cinayət Məcəlləsinə 300-ə qədər dəyişiklik edilib. Hər halda, əlavə və dəyişikliklər qeyd etdiyim kimi müsbət haldır. İnsanların bilik və səviyyəsi qalxdıqca, qanunlar da mövcud şəraitə uyğun olmalıdır. 20 il bundan əvvəl kompüter yox idisə, bu gün artıq onlar vasitəsilə də cinayət hadisəsi törədilir. 15-20 il öncə rekertliklə məşğul olan qruplar mövcud deyildi. Ancaq bu gün var. Ona görə də qanunlarda dəyişiklik olmalıdır. Hər halda bu dəyişikliklərin müəyyən bir effekti olacaq. Qanunlar nə qədər yaxşı işləsə, o qədər faydalıdır”.
Hacıyev bildirdb ki, qanunların qəbul edilməsindən sonra onların işləmə mexanizminin olması da əsas məsələdir:“Qanunlar dəyişir və oxuduqca adam xoşhal olur ki, insanların keşiyində dururlar. Bu, çox gözəldir. Qanunun işləmə mexanizmi isə işin ikinci və əsas tərəfidir. Bu, qəbul edildiyi formada işləyəcəkmi? Hər dövlətin öz reallıqları var. Afrika dövlətlərində bu tamam başqadır, Asiya, Qafqaz dövlətlərində isə bir cürdür. Etiraf edək ki, biz hələ qanunların işləməsi baxımından Almaniya, İsveçrə, Lüksemburq və digər bu kimi ölkələr səviyyəsinə çatmamışıq. Ona görə də qeyd etdim ki, hər bir ölkənin özünün reallığı var. Sovetlər Birliyi dönəmindən ayrılmış ölkələrin hər birində vəziyyət fərqlidir. Yalnız Baltikyanı ölkələrdə qanunlar dəqiq işləyir. Ümid edirəm ki, Azərbaycanda da qanunlar dəqiq formada işləyəcək. Bir qanunu qəbul etmək asandır. Əsas ikinci mərhələ - işlək mexanizimdir”.musavat.com
Tətbiqimizi yükləyə bilərsiniz