Azərbaycanın Əfqanıstana dəstəyi nəyə xidmət edir?

"Dekabrın 1-də Bakıda "Asiyanın Qəlbi-İstanbul Prosesi" adlı beynəlxalq konfrans keçirildi. Konfransa müxtəlif dövlətlərin rəsmiləri qatıldılar. İlham Əliyev konfransa qatılan rəsmilərlə ayrı-ayrılıqda görüşdü. Bu görüşlərdən ikisi diqqəti çəkirdi. İlham Əliyev əvvəlcə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi ilə görüşdü. Görüşdə iki ölkə arasında artan əməkdaşlıqdan danışıldı". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"İranın xarici işlər naziri Bakıdan əvvəl İrəvanda olmuşdu və onun Ermənistanın bölgədə oynadığı "sülhpərvər" rolu barədəki fikir Azərbaycanda birmənalı qarşılanmadı. Azərbaycan torpaqlarını işğal edən dövlət necə "sülhpərvər" ola bilər?

Buna baxmayaraq, rəsmi Bakı Tehranla münasibətlərdə problem yaşamaq istəmir. İki ölkəni böyük regional layihələr birləşdirir. Bu layihələr isə İranın Ermənistanla həyata keçirdiyi layihələrdən dəfələrlə böyükdür. İndi əsas vəzifə Ermənistan ətrafında iqtisadi və nəqliyyat blokadasının gücləndirilməsidir.

İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə də görüşdü. Azərbaycan Əfqanıstana hərtərəfli dəstək verir. Bu dəstək bir neçə hissədən ibarətdir.

Birincisi, Azərbaycan Əfqanıstandakı sülhəmarlılarının sayını artırmaq istəyir. Hazırda sülhməramlı qüvvələrin tərkibində 94 hərbçisi qulluq edir. Əfqanıstan prezidenti azərbaycanlı hərbçilərdən məmnun olduğunu Bakıda bildirdi.

İkincisi, NATO Əfqanıstana yük daşımalarını Azərbaycanın hava səmasından istifadə etməklə həyata keçirir. "NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz (İlham Əliyev) öz dəhlizinizi açdınız" - bu fikir də Əfqanıstan prezidentinə məxsusdur.

Üçüncüsü, Azərbaycan Əfqanıstana zaman-zaman maliyyə yardımı da ayırır. Bundan başqa əfqan məmurlar Azərbaycanda ixtisas artırma kurslarında iştirak edirlər. Azərbaycanda populyarlıq qazanan "ASAN" xidmətinin Əfqanıstanda tətbiqi üzərində çalışmalar davam edir. Bundan başqa İlham Əliyevin sözlərinə görə, Azərbaycan Əfqanıstanda bir sıra iqtisadi layihələr də reallaşdırmaq istəyir.

Beləliklə, Azərbaycanla Əfqanıstan arasında sıx siyasi münasibətlər formalaşıb. Azərbaycan Əfqanıstana hər istiqamətdə dəstək verməyə hazırdır. Öz növbəsində Əfqanıstan Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edir.

Azərbaycanın Əfqanıstana verdiyi dəstək ABŞ tərəfindən də yüksək qiymətləndilir. Çünki, ABŞ-ın Avrasiyada başlıca məqsədlərindən biri Əfqanıstanda terrorizmin qarşını almaq və bə ölkədə sabitliyin bərpasına nail olmaqdır və bu işdə Azərbaycan faktiki Vaşinqtona da yardım edir. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır və bu işdə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər",-deyə Elxan Şahinoğlu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top