
“Halkbank”ın keçmiş baş direktorunun müavini Mehmet Hakan Atillanın Nyu-York Cənub Bölgə Məhkəməsində mühakimə edildiyi məhkəmə prosesinin ikinci günündə şahid qismində dindirilən Rza Zərrab yeni etiraflar edib.
“Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə prosesininin ilk günündə Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana müxtəlif valyutalarda milyonlarla həcmdə rüşvət verdiyini deyən R. Zərrab bu dəfə AKP-nin sabiq müdafiə naziri Muammer Gülerə oğlu vasitəçiliyi ilə rüşvət verdiyindən bəhs edib. O, “Halkbank”da İran pullarını ABŞ-ın sanksiyalarından yan keçirməklə çıxarıb İranın ödənişlərində istifadə üçün qurduqları sistemi Çində də təşkil etmək istədiklərini və bu məqsədlə Çində şirkət yaratdıqlarını, banklarla əlaqə qurduqlarını deyib.
R. Zərrab əlavə edib ki, Çində qurduğu şirkətə hesab açmaq üçün Türkiyədən M. Gülerdən tövsiyyə məktubu alıb: “Həmin vaxt Gülerin oğlu Barış Güler öz şirkətlərində konsultant olub. Həmin tövsiyyə məktubuna görə Barış Gülerə 100 min dollar ödəmişəm”.
R. Zərrab 2012-2013-cü illərdə “Halkbank”dan başqa, “Vakıfbank” və “Ziraat Bankası”nın da İranla qızıl ticarətə cəlb olunmasının gündəmə gəldiyini vurğulayıb: “Z. Çağlayan və “Halkbank”ın keçmiş baş direktoru Süleyman Aslan mənə həmin dövr baş nazir olan Rəcəb Tayyib Ərdoğanın hər iki banka da bu icazəni verdiyini bildiriblər. Hər ikisi mənə demişdi ki, İranla ticarətə icazə verənlərdən biri də keçmiş xəzinə naziri Əli Babacandır. Ərdoğan və Babacan “Ziraat Bankası” və “VakıfBank”a mənimlə əlaqədar əməliyyatlara kömək olmaları üçün şəxsən göstəriş veriblər. Bu göstərişin verildiyini Çağlayandan öyrəndim”.
S. Aslanın da Çağlayan kimi pul istədiyini deyən R. Zərrab gələcəkdə çox işə yarayacağına görə S. Aslana 2 milyon avro rüşvət verdiklərini diqqətə çatdırıb. O, bundan başqa, iqtisadiyyat nazirinə, “Halkbank”ın ən üst vəzifədəki şəxsinə rüşvət verdiyini, başqa birinə ehtiyac duymadığını söyləyib: “Aslan “Halkbank”da aparılan İranla ticarəti nazir Çağlayanın göstərişi ilə həyata keçirib. Ancaq risk altında özüm olduğum üçün əvvəlcə Çağlayandan təsdiq alandan sonra Süleyman Aslana 2 milyon avro rüşvət verdim”.

Prokuror Z. Çağlayana verilən pullar arasındakı pulun birinin yanındakı “saat mağazası sahibi Yusif”in kim olduğunu R. Zərrabdan soruşub. O da cavabında həmin şəxsə verilən 200 min avronun Z. Çağlayan üçün alınan saatın ödənişi olduğunu deyib: “Çağlayana bir neçə dəfə saat alındı”.
17-25 dekabr dövründə R. Zərrabın müxtəlif şəxslərlə apardığı telefon söhbətlərinin qeydə alınması da məhkəmədə dəlil kimi istifadə olunub. R. Zərrab həmin telefon danışıqlarının səs yazılarının hamısının özünə aid olduğunu təsdiqləyib.
R. Zərrab məhkəmə prosesinə məhbus qiyafəsində deyil, tünd rəngli pencək və açıq köynəklə gəlib. Ona bu cür geyinməsinə icazəni məhkəmə hakimi Riçard Berman deyib. R. Berman geyimin həssas bir məsələ olduğunu qeyd edərək “bunu həyat yoldaşımın hər gün mənə nə geyindiyimi soruşmasından bildiyini” deyib. R.Zərrab mülki geyimdə olsa da, federal nəzarətdə olduğunu bildirib. Prokurorun “nə üçün həbsxanada deyilsiniz” sualına isə o, “həbsxanada qaldığım müddət ərzində təhdid edildim” deyə cavab verib.
Tətbiqimizi yükləyə bilərsiniz