1998-ci ilin "Mersedes C180" avtomobilinin QİYMƏTİ: Azərbaycanda, Ermənistanda və Gürcüstanda

Məlum olduğu kimi gələn ilin yanvarın ayından etibarən Azərbaycanda minik avtomobillərinin qiymətində ciddi bahalanma gözlənilir. Nazirlər Kabinetinin qərarı ilə gömrük rüsumlarının artırılması nəticəsində yanvarın 1-dən etibarən ölkəyə gətirilən avtomobillərin qiyməti istehsal ilinə görə 72-75% arasında bahalanacaq. Yeniavaz.com-un apardığı hesablamalar göstərir ki, hazırda ölkəyə gətirilən və mühərrikinin həcmi 2200 kubsantimetr olan avtomobillərdə 2618 manat rüsum alınırsa, gələn ildən etibarən bu göstərici 4488 manat olacaq. Rəqəmlərdən də göründüyü kimi istehsal tarixi 1 ildən çox olan və mühərrikinin həcmi 2200 kubsantimetr olan avtomobillərin qiymətində ən azı 1870 manat artım olacaq.

Qeyd edək ki, bu bahalanmadan sonra region ölkələrindəki - Gürcüstan və Ermənistandakı analoji qiymətlərlə ölkəmizdəki qiymətlər arasında kəskin fərqin yaranacağı qaçılmaz olacaq. Məlumat üçün bildirək ki, hazırda hər 3 ölkədəki mövcud qiymətlər arasında da ciddi fəqrlər var. Hər 3 ölkədəki mövcud qiymət fərqini görə bilmək üçün avtomobil elanları saytlarına baxmaq kifayət edir. Nümunə olaraq 1998-ci ilin istehsalı olan "Mersedes C 180" model avtomobillərin qiymətinə nəzər salmaq olar.

Ermənistanın populyar avtomobil elanları saytlarından olan "list.am"da 1998-ci ilin istehsalı olan "Mersedes C 180" avtomobilinin qiyməti 3900 dollar göstərilib. Eyni model avtomobilin Gürcüstanın avtomobil elanları saytında - "autopapa.ge"də 3407 dollara (9200 lari) satıldığı qeyd olunub. Azərbaycanın məşhur "turbo.az" saytında isə 1998-ci ilin istehsalı olan "Mersedes C 180" avtomobilinin satış qiyməti 5590 dollar (9500 manat) göstərilir.

Rəqəmlərdən də göründüyü kimi, 1998-ci ilin istehsalı olan "Mersedes C 180" model avtomobil Azərbaycanda 5590 dollara, Ermənistanda 3900 dollara, Gürcüstanda isə 3407 dollara satılır.

DİGƏR XƏBƏRLƏR

Top