İran Bolqarıstanın Baş nazirinin təyyarəsinə qadağa qoydu

Göyərtəsində Bolqarıstanın Baş naziri Boyko Borisov və digər rəsmi şəxslərin olduğu təyyarənin İran ərazisi üzərindən uçuşuna icazə verilməyib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, təyyarə Səudiyyə Ərəbistanına istiqamət alıbmış. Hava layneri İranın hava məkanına daxil olandan sonra onun uçuşuna icazə verilməyib. Nəticədə pilot istiqaməti dəyişərək Türkiyəyə qayıdıb, sonra isə İraq ərazisi üzərindən Ərəbistan yarımadasına tərəf uçub. Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva bəyan edib ki, Sofiya daha əvvəl diplomatik kanallarla təyyarənin uçuşuna icazə alıb, son anda qadağa qoyulmasını isə izah etmək mümkün deyil. O, İran tərəfinin Bolqarıstanın qaydalara riayət eməməsi iddialarını isə yalan və spekulyasiya adlandırıb: “Tehranda deyiblər ki, təyyarənin göyərtəsində Baş nazirin olduğunu bilməyiblər. Həmçinin, guya laynerin pilotu təyin edilmiş kursdan çıxıb. Pilotumuzun marşrutu dəyişdiyinə şübhə edirəm. İranın Bolqarıstandakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top