Ərdoğan: "CHP sədrinin ailəmin pul köçürməsi ilə bağlı göstərdiyi qəbzlər kağız parçasıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri və yaxın ətrafının xaricdəki ofşor şirkətə milyonlarla dollar göndərdiyini iddia edən müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu yalan danışmaqda ittiham edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan CHP sədrinin partiyasının qrup iclasında xaricə pul köçürmələri ilə bağlı göstərdiyi qəbzləri kağız parçası adlandırıb.

K. Kılıçdaroğlunun həmin qəbzləri jurnalistlərə və məhkəmə orqanlarına vermədiyini xatırladan Türkiyə Prezidenti qeyd edib ki, həmin kağızların nə olduğunu bir CHP sədri, bir də onun əlini ovuşduranlar bilir.

R. T. Ərdoğan bildirib: “Ticarətlə məşğul olan şəxs həm daxildə, həm də xaricdə şirkət qura, pul köçürə və ala da bilər. CHP sədrinin adını çəkdiyi beş nəfər (R.T. Ərdoğanın oğlu, qardaşı, yeznəsi, qudası və eks-baş kargüzarı) söylənilən şirkət və ya yerə pul göndərməyib. Əksinə mövcud şirkətlərini satdıqlarına görə onlara pul gəlib. İndi onlar və mən yenidən məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik”.

Türkiyə Prezidenti adı çəkilən şəxslərin çoxunun ticarətlə məşğul olduğunu, şirkətlər qurduqlarını diqqətə çatdırıb: “Mən Prezident, Baş nazir olmamışdan da əvvəl ticarətlə məşğul olurdular, milyonlarla lirə dəyərində işlər görürdülər”.

O əlavə edib ki, Mustafa Gündoğan K. Kılıçdaroğlunun iddia etdiyimi kimi baş kargüzarı olmayıb: “O şəxs heç vaxt mənim baş kargüzarım olmayıb. Belə də yalan olarmı?”.

R.T.Ərdoğan xaricə bir qəpik də göndərilmədiyini vurğulayıb.

Xatırladaq ki, CHP sədri ötən gün partiyasının qrup iclasında R. T. Ərdoğanın yeznəsi Ziya İlgen, qardaşı Mustafa Ərdoğan, qudası Osman Ketenci, eks baş kargüzarı Mustafa Gündoğan və oğlu Əhməd Burak Ərdoğanın Men adasındakı şirkətə müxtəlif vaxtlarda milyonlarla dollar pul göndərdiklərinə dair sənədlər göstərib.

DİGƏR XƏBƏRLƏR

Top