
Son vaxtlar bir çox radioların xüsusən gündüz saatlarında cinsi aktivliyi artıran dərmanları reklam etmələri diqqət çəkir. Günün müxtəlif saatlarında radioları dinləyən şəxslərin bu reklamı eşitmələri isə onların kobud desək, əsəblərinə toxunur. Az qala cinsi zəifliklə bağlı bütün detalların səsləndirildiyi bu reklamları dinləyənlərin yanında özündən kiçiklər və böyüklər olanda isə məsələ daha da qəlizləşir. Hər halda yəqin ki, heç kim yaxınlarının yanında belə bir vəziyyətlə üzləşmək istəməz. Bəs həmin reklamları radiolarda səhər, günorta, axşam səsləndirmək istəyənlər və bunu edənlər görəsən, özləri bu barədə düşünmürlərmi?
Qulu Məhərrəmli: "Bu cür reklamların verilməsi etikaya ziddir"
Məsələ ilə bağlı əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli "Yeniavaz.com" saytına açıqlama verib. Onun sözlərinə görə, bir çox hallarda radio, televiziya, media reklamların məzmununa müdaxilə edə bilmir, pulunu alır və bu reklamı yayır: "Ancaq təcrübə göstərir ki, bir az dəyərlər haqqında düşünəndə o reklamlara müdaxilə etmək olur - ya onu dayandırırlar, ya imtina edirlər. Bu cür açıq-saçıq reklamlar internetdən qaynaqlanır və artıq televiziyalara, radio efirlərinə yol açır. Mən hesab edirəm ki, bu cür reklamların verilməsi etikaya ziddir. Belə reklamların əksəriyyətinin elə də ciddi bir əsası olmur, sadəcə bu preparatları yaymaq üçün bundan istifadə edirlər. Bir var örtülü deyəsən, işarələrlə deyəsən, bir də var çox açıq şəkildə - məsələn, intim münasibətlərə dair, yaxud insan bədəninin əzaları ilə bağlı. Bunlarla bağlı məncə, bir ölçü olmalıdır. Özü də bunlar nə dərəcədə çox gözlənilsə, bir o qədər yaxşıdır. Hesab edirəm ki, buna bütün media qurumları, xüsusən, radiolar diqqət yetirməlidirlər".
Psixoloq: "Həmin reklamları mən də maşında gedərkən eşitmişəm"
Psixoloq Elnur Rüstəmov isə məsələ ilə bağlı bir qədər fərqli düşünür. Psixoloq saytımıza açıqlamasında bildirdi ki, toplum olaraq hər birimiz fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq: "Əlbəttə, bu cür reklamlar uşaq və yeniyetmələrə hansısa bir formada təsir göstərə bilər. Ancaq məsələ burasındadır ki, həmin uşaq və yeniyetmələr bu haqda yalnız həmin radioda eşitsəydi, bizim heç bir problemimiz olmazdı. Bu gün siz apteklərə də girsəniz görəcəksiniz ki, ən görünən yerdə belə preparat və vasitələri qoyurlar. İstənilən bir aptekə girsəniz ən öndə qoruyucuların, cinsi istəyi artıran dərman və həblərin qoyulduğunu görəcəksiniz. Onlara bu barədə irad bildirəndə deyirlər ki, siz bu dərmanları tanıyırsınızmı, keyfiyyətini bilirsinizmi? Şirkətlər deyirlər ki, biz bunu yoxlamışıq və reklama vermişik. Hətta deyirlər ki, biz bunu sizi qorumaq üçün eləmişik. Əvvəl gedib təsadüfi dərmanı alırdınızsa, biz indi deyirik bunu alın. İddia edirlər ki, əgər biz bunu reklam ediriksə, keyfiyyəti ilə bağlı da aidiyyəti qurumlardan sənədini almışıq. Bu, məsələnin bir tərəfi.
Bundan əlavə, sizin əlinizdə imkan var ki, radionun dalğasını dəyişəsiniz. Bax, kapitalizm də bunu deyir. Seçim çox olacaq, gerisi sənə buraxılacaq. Bu, əlbəttə, etik deyil. Mən uşağımla gedirəm və siz birdən-birə bu reklamı verirsiniz. Kapitalizmi qapıdan tutursan, bacadan girir. Telefonla hansısa sayta xəbər oxumağa girirsən, altından xoşagəlməz linklər verilir. Yaxşı, mən bildim, uşaq onu bilmir axı. Tıklayacaq və girəcək ora. Onda necə olacaq? Yəni burada fərdi qorunmadan söhbət gedir. Biz əslində məsələni maariflənməni gücləndirməkdə, psixi sağlamlığın qorunması istiqamətində profilaktik işin aparılmasına diqqəti yönəltməliyik, nəinki o biri tərəfə. Bir ara dərman vasitələrinin, klinikaların reklamı ilə bağlı məsələ qalxdı ki, axı bu nə qədər olacaq? Onlar isə arqument gətirdilər ki, bunu etməyədəndə bazara digər dərmanlar girir, hansıki bizim ona zəmanətimiz yoxdur. Məsələnin psixoloji tərəflərinə gəlincə, əlbəttə, bu reklama deyək ki, maşında gedərkən qulaq asanda ata ilə bala arasında, ana ilə övlad arasında utanmaya səbəb olacaq. Bəli, bunu verə bilərlər gecə saat 11-də. O vaxt uşaqlar yatmış olurlar. İnkişaf etmiş ölkələrin bir çoxunda axşam 7-8-dən sonra deyirlər ki, kriminal xəbərlər vermə, pozitiv şeylər ver. İnsanlar yatan vaxtı kriminal xəbərlər görmək istəmirlər. Biz isə bu məsələdə hələ təkamül mərhələsindəyik. Desəm, dərdimiz çoxdur. Həmin reklamları mən də maşında gedərkən eşitmişəm. Lakin pessimist olmamalıyıq, mənim fikrimcə, bu məsələlərlə bağlı iş aparılır. Biz toplum olaraq da hər birimiz fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Əsas məsələ budur".
Sonda qeyd edək ki, bugünlərdə İnzibati Xətalar Məcəlləsinə yeni 428.4-1 maddəsinin əlavə edilməsi təklif olunub. Təklif olunan maddəyə görə, Azərbaycanda pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı televiziya və radio yayımında qadağan edilir, buna əməl etməyən yayımçılarla bağlı cəzalar müəyyənləşdirilir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi teleradio yayımçısı tərəfindən törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər 5000 manatdan 8000 manata qədər cərimələnəcək. Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Məsələ Milli Məclisdə müzakirəyə çıxarılmışkən yuxarıda qeyd etdiyimiz məqamların da nəzərə alınması yaxşı olardı.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz