Son illər Azərbaycanın "Qarabağ" klubunun adı Avropa mətbuatında tez-tez hallanmaqdadır və səbəb də çox sadədir: bu klub son bir-neçə ildir davamlı olaraq Avropanın aparıcı klubları ilə başabaş mübarizə aparmağa başlayıb. Avropa liqası və Çempionlar liqası kimi mötəbər turnirlərin qrup mərhələsində mübarizə aparmaqla "Qarabağ" Avropa və dünya mətbuatının diqqətini öz üzərinə çəkməyi bacarıb.

Dünyanın aparıcı mətbuatlarında klubun tarixi, o cümlədən də Qarabağın işğalı barədə məlumatlar geniş yayılmağa başlayıb. Təbii ki, yaranmış vəziyyət işğalçı Ermənistanı narahat etməyə bilməz. Çünki "Qarabağ"ın rəqib qapılarına vurduğu hər qol həm də işğalçılara vurulan ağır zərbə olur. İşğalçı Ermənistan "Qarabağ"ın futbol meydanlarındakı uğurlarının qarşısını almaqda aciz olduğu kimi, mətbuatda yayılan "Qarabağ həqiqətləri"nin də qarşısını almaqda çətinlik çəkir. Bu səbəbdən də ermənilər "Qarabağ"a qarşı yeni "silahlarını" işə salmaq qərarına gəliblər. Ötən ilin may ayında Ermənistanda "Artsax" (ermənilər Qarabağı Artsax adlandırırlar-red.) adlı futbol klubu təsis olunub.

Hazırda Dağlıq Qarabağda bu adda futbol klubu olduğu halda, paytaxt Yerevanda ikinci bir "Artsax" klubunun yaradılması ondan xəbər verir ki, ermənilər bu klubu Avropa arenalarında "Qarabağa" qarşı qoymaq niyyətindədirlər. Hesab edirlər ki, "Artsax" klubu da "Qarabağ" klubu kimi Avropada uğur qazandığı zaman mətbuat "Artsax"ın uydurulmuş tarixindən və erməni yalanlarından yazacaq. Cəmi bir-neçə ay əvvəl yaranmasına baxmayaraq bu klubun Ermənistan futbol çempionatının 1-ci liqasında ilk pillədə qərarlaşması bir daha təsdiq edir ki, ermənilərin əsas hədəfi "Artsax"ı Avropa meydanlarına çıxarmaqdan ibarətdir.

Maraqlıdır ki, bu işdə Ermənistanın əsas dəstəkçisi rolunda ermənipərəst Fransız şirkəti "Renault" dayanır. Klubun baş sponsoru olaraq əsas maddi dəstəyi "Renault"dan alan ermənilər yaxın tarixlərdə Avropada qondarma respublikanın adını yaymaqla məşğul olacaqlar. "Artsax" Avropanın futbol meydanlarına ayaq basdığı zaman (bu mövsümdən etibarən bizim buna şahid olmamız tamamilə realdır) klubdan çox bu adın gündəmə gətiriləcəyinə heç kimin şübhəsi olmasın. Azərbaycanda "Qarabağ"a sponsorluq etdiyi üçün "Azərsun" haqqında nə qədər müsbət fikirlər səslənirsə, yaxın tarixlərdə eyni münasibəti ermənilər "Renault"a göstərəcəklər. "Reno" markalı avtomobillərin Ermənistandan çox Azərbaycanda satılmasına, yəni Azərbacan bazarından daha çox pul qazanmasına rəğmən qondarma respublikanın adını daşıyan bir kluba sponsorluq etməsinə isə sadəcə təəssüflənmək olar. Ümid edirik ki, "Renault"un Azərbaycandakı rəsmi distribütoru olan "Nurgün" Şirkətlər Qrupunun rəhbərliyi biznes partnyorlarına "erməni oyununa" verdiyi dəstəyə görə etiraz edəcəkdir.

Tətbiqimizi yükləyə bilərsiniz