
Müğənni Fədayə Laçının həbsi Azərbaycan şou-biznesi üçün ilk belə hadisə deyil. "Yeniavaz.com" xəbər verir ki, bunadək müxtəlif səbəblərdən ya özü, ya da həyat yoldaşı qısa müddətlik də olsa həbsə düşən müğənnilər çox olub. Maraqlıdır ki, bəzi şou-biznes nümayəndələri hətta həbsdə yatsalar belə, onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.
Bundan öncə müğənni Vüsal Əliyev Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
V. Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir neçə il Moskvada yaşayan müğənni sonradan həbs olundu və bir müddət sonra azadlığa buraxıldı.
- Türkiyə məhkəməsi Azəri qızı Günelə (Günel Zeynalova) 9 aylıq həbs cəzası kəsmişdi. Günelə Türkiyədə yaşayan İran azərbaycanlısı, məşhur iş adamı, məşhur türk müğənnisi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla aralarında olan telefon danışıqlarını onun razılığı olmadan açıqladığına görə ilk olaraq 6 aylıq həbs cəzası verilsə də, daha sonra məhkəmə bu danışıqların mətbuat vasitəsilə açıqlandığını əsas gətirərək cəzanı 9 aya qaldırmışdı.
Lakin məhkəmə qərarın icrasını təxirə salmışdı və qərarda qeyd olunmuşdu ki, Günel eyni əməli təkrarlayarsa, həbs cəzası icra edilə bilər.
- Müğənni Maral Tahirqızı da həbs həyatı yaşayanlardandır. O, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
M. Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə həbs edilmişdi.
- Azərbaycanın ilk "Eurovision" mahnı müsabiqəsinin təmsilçisi, müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə 2 il müddətinə həbs həyatı yaşamışdı.
- Müğənni Tunar Rəhmanoğlu avtoxuliqanlığa və polisin qanuni tələblərinə riayət etmədiyinə görə 10 gün müddətinə həbs cəzasına məhkum edilmişdi.
Bununla bağlı yayılan məlumatda bildirilirdi ki, müğənni Tunar Rəhmanoğlu polisin qanuni tələbinə məhəl qoymayaraq, idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməyib. Bu zaman yol polisi əməkdaşları ilə T. Rəhmanoğlu arasında insident yaşanıb. Daha sonra hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları müğənnini saxlayaraq, barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparmışdılar.
Məhkəmə isə onun barəsində 10 sutkalıq həbs və bir il müddətinə sürücülük hüququndan məhrum edilməsi barəsində qərar qəbul etmişdi.
- Bir vaxtlar şou-biznesin ən sevilən nümayəndələrindən olan reper Hüseyn Dərya da həbs edilmişdi. O, narkotik istifadəçisi kimi həbs olunmuşdu. O, dəfələrlə eyni əməli təkrarladığı üçün həbs cəzası çəkmişdi.
- Tanınmış reper Elşad Xose də narkotikdən istifadə etdiyi üçün həbs həyatı yaşayıb.
- Narkotikdən istifadə etdiyi üçün tanınmış meyxanaçı Bayram Kürdəxanılı da məhbəs həyatı yaşamışdı. O, Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılmışdı.
- Daha bir meyxanaçı - Mahir Cürət də narkotik vasitə ilə tutulduğundan həbs olunmuşdu. Cəzasını çəkdikdən sonra Mahir Cürət də azadlığa qovuşub.
- Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda "Dado" ləqəbi ilə tanınan məşhur repçi Səid Əliyevin də həbs olunduğu bildirilirdi. Qardaşı bildirmişdi ki, "Dado" ifa etdiyi tənqidi repə görə saxlanılıb.
Şou-biznes nümayəndələri bəzən yaxınlarının həbsi ilə də gündəmə gəlirlər. Məsələn, bir müddət öncə müğənni Zenfira İbrahimovanın əri Anar Heydərovun həbsi xəbəri mətbuatda geniş işıqlandırılmışdı. Bildirilirdi ki, Anar Heydərov motosikletlə avtoxuliqanlıq etdiyi üçün həbs edilib.
Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq hərəkəti davam etdirmişdi. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra bilmişdilər.
Məhkəmənin qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmışdı. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilmişdi.
Müğənni İzzət Bağırovun isə cangüdəni Elçin Cabbarlı həbs olunub. Belə ki, restoranların birində baş verən davaya görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ad günü məclisində davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ. Bağırovu təhqir etmələri olmuşdu. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoymuşdu. Nəticədə restoran işçiləri ilə qonaqlar arasında dava düşmüşdü.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz