SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində inşa etdiyi STAR neft emalı zavodu gələn ilin oktyabrın 1-də istifadəyə veriləcək. Bu barədə “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter məlumat verib
Onun sözlərinə görə, təməli Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci il oktyabrın 25-də atılan zavodda inşaat işlərinin 96,4%-i artıq tamamlanıb.
O bildirib ki, bu zavodda Türkiyənin idxaldan asılı olan məhsulları istehsal olunacaq: “Zavod Türkiyənin cari kəsirinin bağlanılmasında 1,5 milyard dollarlıq töhfə verəcək. Eyni zamanda, Türkiyənin ilk “Strateji Sərmayə Təşviq Sənədi”nə sahib layihəsi olan zavodda ildə 10 mln. ton xam neft emal ediləcək”.
M. İlter qeyd edib ki, STAR neft emalı zavodunda ildə 1,6 mln. ton nafta, 1,6 mln. ton təyyarə yanacağı, 4,8 mln. ton ultra aşağı kükürdlü dizel, 700 min ton yanacaq koksu, 160 min ton kükürd və digər neft məhsulları istehsal olunacaq. apa