Ekspert: "Yeni ildən avtomobil bazarında qiymətlərin artacağı qaçılmazdır"

"Avtomobil bazarında vəziyyət o qədər ürəkaçan olmasa da, alqı-satqı davam edir. Öncələrdə qeyd etdiyimiz kimi gömrük və vergi rüsumlarının qaldırılması şayələrinə inanan insanlar yeni ili gözləmədən artıq işlənmiş və ya yeni avtomobil almağa başlayıblar". Yeniavaz.com xəbər verir ki, bu barədə avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib. Ekspert qeyd edib ki, bu gün həmin şayə öz təsdiqini rəsmən tapdı: "İndiyə qədər qüvvədə olan idxal və ixrac gömrük rüsumlarının dərəcələri ləğv edilərək dəyişildi. İdxal rüsumlarının dəyişməsi hər bir sektor kimi avtomobil bazarına da öz təsirini faiz dərəcəsindən asılı olaraq qismən və ya kəskin şəkildə göstərəcəkdir. İdxalda artıq "dizini yerə qoymaqla" üzləşən avtomobil bazarında yeni ildən hansı qiymətlərin olacağını dəqiq demək olmasa da, qiymətlərin artacağı qaçılmazdır. Buna səbəb həm milli valyutamızın xarici valyuta qarşısında getdikcə dəyər itirməsi, həm də gömrük rüsumlarına edilən yeni dəyişiklikdir. Yeni qanun qüvvəyə minəcəyi tarixə kimi, köhnə (indiki) rüsumlarla gömrük etmək istəyən insanlar dayanmadan ilin sonuna kimi avtomobil və ya digər malları ölkəyə idxal edəcəklər. Təbii ki, bundan faydalanan isə yalnız avtomobil dəllalları və iş adamları olacaq. Sonradan isə bazarda süni qiymət artımının yaranması labüddür. Köhnə qiymətlə gömrük olunaraq ölkəyə gətirilən avtomobil və ya digər mallar stokda saxlanılaraq, yanvar ayının 1-dən sonra yeni qiymətlə satışa çıxarılacaq. Nazirlərin kabineti isə dəyişikliklərə, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli fərmanına və “Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli fərmanına əsasən belə bir qərar qəbul etdiyini bildirir. Sonda isə qeyd edim ki, dəyişikliklər yalnız idxal və ixrac gömrük rüsumlarının faizlərinə şamil edilib. Aksiz və ƏDV kimi vergi rüsumlarının dəyişdirilib və ya dəyişdirilməməsi hələ də sual altındadır..."

DİGƏR XƏBƏRLƏR

Top