
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeniavaz.com" saytına verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində dələduzluq faktı aşkarlanıb. Rayonun Muzdurlar kəndində yaşayan bir qadının evinə gələn naməlum şəxs özünü Rusya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Adının Ələddin olduğunu deyən həmin şəxs ev sahibəsinin oğlu Raminin Rusiya Federasiyasına girişinə qadağa qoyulduğunu, lakin istədiyi məbləğin ödəniləcəyi təqdirdə həmin qadağanı ləğv etdirəcəyini bildirib. Ev sahibəsinin oğlu isə bir il əvvəl Moskva şəhərində oğurlanmış avtomobilinin tapılması ilə əlaqədar təcili bu ölkəyə getməli olduğundan həmin şəxsə tələb etdiyi 5000 manatı verib. Moskvada olarkən hüquq-mühafizə orqanlarında Ələddin adlı soydaşımızın işləmədiyinə əmin olan Ramin sonda aldadıldıqlarını başa düşüb. Oktyabr ayının 11-də Raminin anası Goranboy RPŞ-yə müraciət edərək üzləşdiyi dələduzluq hadisəsi barədə məlumat verib. Araşdırmalarla dələduzluq edən şəxsin Samux rayonunun Ağasıbəyli kənd sakini Ələddin Novruzovolduğu müəyyən edilib və o, dərhal saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Vüqar Nəbiyev
Tətbiqimizi yükləyə bilərsiniz