Tur aksiyaya yola düşəcək Mingəçevirli məktəblilərlə görüş keçirilib

Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati idarə binasında Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş Şuranın iclası keçirildi. Şura iclasında Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və 16-19 noyabr tarixlərində Quba-Qusar-Xacmaz rayonlarına yola salınacaq məktəblilər iştirak edirdi. İclası giriş sözü ilə açan İlham İsmayılov bildirdi ki, artıq 4-cü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur aksiyası təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 7 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 13648 nəfər məktəbli iştirak edib. Noyabrın 11-14-ü və 16-19-u tarixlərini əhatə edəcək növbəti tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulur. Daha sonra Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova, valideynlər adından Mətanət Muxtarova, tur-aksiya iştirakçısı şagird Rauf Şirinov çıxış edərək ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top