Xaricdən gətirilən kərə yağının qiyməti açıqlandı: 7,9 manat

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 1 milyard 121,3 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 170,1 milyon dolları buğdanın, 103,7 milyonu meyvə-tərəvəzin, 150,9 milyon dolları şəkərin, 112,1 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların, 55,2 milyon dolları kərə yağı və süddən hazırlanan digər yağların payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 10 ayı ərzində müvafiq olaraq 127,5 və 166,9 milyon dollar ödənilib.

Məlumat üçün qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında kərə yağı və süddən hazırlanan digər yağların miqdarında cüzi azalma olsa da, qiymətində ciddi artım olub. Belə ki, ötən ilin ilk 10 ayında xaricdən ümumi dəyəri 40,6 milyon dollar olan 11,94 min ton kərə yağı gətirildiyi halda, bu ilin ilk 10 ayında ümumi dəyəri 55,2 milyon dollar olan 11,89 min ton kərə yağı gətirilib. Bu isə o deməkdir ki, ötən ilin yanvar-oktyabr ayında gömrük dəyəri 3,4 dollar (5,8 manat) olan kərə yağının gömrük dəyəri bu ilin yanvar-oktyabr aylarında 4,6 dollar (7,9 manat) olub.

DİGƏR XƏBƏRLƏR

Top