
Yaponiyanın nüfuzlu reytinq agentliklərindən olan "JCR Eurasia Rating"in rəhbəri Orhan Ökmen Türkiyədə həm iqtisadi, həm də siyasi mənada gərginliklərin artdığını bildirib. Yeniavaz.com Türkiyənin "Cumhuriyyət" qəzetinə istinadən bildirir ki, reytinq agentliyinin rəhbəri başda inşaat sektoru olmaqla bir çox sahədə iflas riskinin böyüdüyünü qeyd edib. Ökmen bildirib ki, əvvəllər Türkiyədəki şirkətlərin vəziyyətini 3 aydan bir analiz edirdik: "Hazırda analizlərimiz həftəlik aparılır. Hətta gündəlik olaraq izlədiyimiz şirkətlər belə var. Türkiyədə ən ciddi problemlərdən biri, nağd vəsaitin dövriyyədən yığışdırılmasıdır. Banklar və şirkətlər əlləriindəki vəsaiti saxlamağa çalışırlar. Banklar kredit verməkdə maraqlı görsənmirlər. Bu da ölkə iqtisadiyyatında ciddi likvidlik problemi yarada bilər".
"JCR Eurasia Rating"in rəhbəri həmçinin qeyd edib ki, Qərblə münasibətlərin gərginləşməsi Türkiyə iqtisadiyyatı üçün ən böyük risklərdən hesab olunur: "Hüquqi çatışmazlıqlar və qanun pozuntuları da Türkiyəyə gələn xarici investisiyalar üçün böyük risklər yaradır".
Yapon reytinq agentliyinin rəhbəri onu da bildirib ki, Türkiyədə Fövqəladə vəziyyətin (OHAL) uzadılması investorlari narahat edir: "Artıq elə bir təsəvvür yaranıb ki, Türkiyə Fövqəladə vəziyyət davamlı olacaq. Dünyada hər kəsin ən çox ehtiyac duyduğu demokratiyadır. Fövqəladə vəziyyət rejimində tətbiq olunan qaydalar iqtisadiyyatda gərginliklərə gətirib çıxarır".
Tətbiqimizi yükləyə bilərsiniz