"Şifahi və yazılı dilimizin təmizliyi məni həmişə düşündürür, narahat edir. Az qala avtomobillər üçün lazımi "avadanlıqların" satıldığı bütün dükan və mağazaların üstündə "Ehtiyyat hissələri" sözlərini oxuyuruq. Başa düşmək olmu kir, iki dənə "y" hərfini yan-yana yazmaqla adamlar nə "qazanır". "Yeniavaz.com" xəbər verir ki, bunu tanınmış yazıçı Firuz Mustafa bildirib.
"Sözümün canı var. Bu gün 2 saylı marşurut üzrə işləyən avtobusda Heydər Əliyev Sarayının yanından keçirdim. Dayanacaqda avtobus qısa müddətdə dayandı. Sərnişinlər düşən zaman ani olaraq sağa-sola nəzər saldım. Allı-güllü, rəngbərəng afişalar diqqətimi çəkdi. Elə sözüm və iradım da həmin afişalar, daha doğrusu, o afişadakı yazıyla bağlıdır.
Sarayın sinəsinə vurulmuş nəhəng afişada yazılmışdı: "Ulduzların duetləri". Zahirən bu söz birləşməsində hər şey yerindədir. Amma dərindən fikirləşəndə görürsən ki, yox, burada "nəsə" yerində deyil. Axı niyə, nə üçün "Ulduzların duetləri" olmalıdır?
Bəyəm biz yazılı və şifahi nitqdə "adamların söhbətləri" yazır və ya deyirik? Əlbəttə, yox. Adətən, bu cür hallarda birinci söz cəm şəkilçisi qəbul edir, ikinci sözsə yox. Anoloji misalların sayını kifayət qədər artıra bilərik. Məsələn, biz əksər hallarda "dənizlərin suları" yox "dənizlərin suyu", "ürəklərin duyğuları" yox "ürəklərin duyğusu", "şairlərin ilhamları" yox "şairlərin ilhamı", "adamların əqidələri" yox "adamların əqidəsi", "bəstəkarların mahnıları" yox "bəstəkarların mahnısı" deyirik.
Yox, demirəm ki, "Ulduzların duetləri" ifadəsi dilimizin qayda-qanununa ziddir. Sadəcə olaraq, iki mümkün variantdan daha düzgün olanı seçmək pis olmazdı.
Həmin afişa ilə üzbəüz divara vurulmuş digər lövhədə xalq artisti İlqar Muradovun şəkli diqqətimi cəlb etdi. Yeri gəlmişkən, İlqar bəy mənim xoşladığım sənətkarlardan biridir. Müğənninin iri portretinin yanında bu sözlər yazılmışdı: "Ötüşür zaman". Bu, bəlkə də müğənninin oxuduğu hansısa mahnının adıdır. Bilmirəm. Burada da zahirən hər şey yerindədir. Yəni zamanın tez ötüb keçməsi vurğulanır. Amma bir az düşünəndə hiss olunur ki, bu ifadədə də yenə "nəsə" yerində deyil. Bəs görəsən, o "nəsə" nədir, nədən ibarətdir?
Gəlin belə deyək: bəyəm biz yazılı və şifahi nitqdə "adam qaçışır" yazır və ya deyirik? Xeyr, adam qaçmır, adamlar qaçışır. Eləcə də, zaman və ya vaxt ötüşmür, amma illər ötüşür, günlər ötüşür. Anoloji misalların sayını kifayət qədər artıra bilərik. Məsələn, biz "yarpaq pıçıldaşır" yox "yarpaqlar pıçıldaşır", "uşaq qaçışır" yox "uşaq qaçışır" deyirik. Misalların sayını yenə artırmaq olar. Deməli, "Ötüşür zaman" yox, "Ötür zaman" variantı daha məqbuldur. Əlbəttə, bu deyilənlər kiçik iradlardır. Dilimizin təmizliyini hər birimiz qorumalıyıq.
Yuxarıdakı fikri bir daha təkrar edərək demək olar ki, "Ötür zaman" ifadəsi dilimizin qayda-qanununa tam zidd deyildir. Amma iki mümkün variantdan daha düzgün olanı seçmək pis olmazdı",-deyə yazıçı vurğulayıb.