Pnevmoniyadan özünüzü qoruyun

Noyabrın 12-si Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günüdür.

Pnevmoniya və ya ağciyər sətəlcəmi kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Xəstəliyin simptomatikası onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir.

Pnevmoniyanın ağciyərdə ağırlaşması daha çox yaşlı adamlarda, immuniteti zəif insanlarda və mükəmməl immunitet sisteminə malik olmayan uşaqlarda müşahidə edilir. Ağciyər sətəlcəmi qripəbənzər simptomlarla KRX (kəskin respirator xəstəlikləri), KRVİ (kəskin respirator virus infeksiyaları) fonunda inkişaf edir. “Özünümüalicə” zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən pnevmoniyanın yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur. Pnevmoniyanın profilaktikası tam müalicə kursu və vaxtında diaqnoz qoyulmasıdır.

Pnevmoniya bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbidir, ilk növbədə məhz uşaqlar bu xəstəlikdən əziyyət çəkirlər. Hər il bu xəstəlik beş yaşadək 1,4 milyon uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən çoxdur. Pnevmoniya hər yerdə yayılıb, lakin ondan daha çox Cənubi Asiya və Afrika ölkələrindəki uşaqlar əziyyət çəkirlər.

AZƏRTAC xəbər verir ki, hər il noyabrın 12-də Uşaq Pnevmoniyasına qarşı Qlobal Koalisiyanın təşəbbüsü ilə Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günü qeyd edilir. Həmin gün səhiyyə müəssisələri profilaktik tədbirlər təşkil edir, tibbi baxışlar keçirirlər. Bundan başqa, könüllülər insanlara pnevmoniya və onlarla bağlı risklərdən danışır, məlumat vərəqələri və bukletlər paylayırlar.

2009-cu ildə Dünya Səhiyyə Təşkilatı YUNİSEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Bu planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə pnevmoniya ilə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır. Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Gününün rəmzi mavi cinslərdir. Mavi rəng səmanın, təmizliyin və pnevmoniya ilə xəstələnmə hallarının ümumi səylər nəticəsində minimuma endiriləcəyinə bəslənilən ümidin rəngidir.

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin sosialyönümlü prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” uşaqlar arasında xəstəliyin azaldılmasına yönələn mühüm sənəddir. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkənin bütün uşaqlarını əhatə edir. Bu tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub.Azertac

DİGƏR XƏBƏRLƏR

Top