Bu gün Mingəçevirin 69 yaşı qeyd edilir

Azərbaycanın ən gənc şəhərlərindən biri də Mingəçevirdir. “Yeniavaz.com” xəbər verir ki, bu şəhərin əsası 1948-ci ildə qoyulub. İnkişaf olan yerdə, təbii ki abadlıq da, quruculuq da var. Kompleks yüksəlişi bunlarsız təsəvvür etmək mümkün deyil. İndi Azərbaycanın hər bir bölgəsində sürətli abadlıq və quruculuq işləri aparılır. Şəhərlərimizin, kənd və qəsəbələrimizin siması dəyişir, gözəlləşir. Mingəçevir şəhərinin də küçələri ilə gəzdikcə, buranın xeyli abadlaşdığının şahidinə çevrilirsən. Görülən işlər ondan xəbər verir ki, abadlıq və quruculuq Mingəçevir şəhərində də əsas fəaliyyət istiqamətlərindəndir. Mingəçevirə şəhər statusu 1948-ci ildən verilsə də, onun bir şəhər kimi inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə olmuşdur. Çox sevindirici haldır ki, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi zamanı da böyük uğurla davam etdirilir.

Şəhərin 69 yaşı münasibəti ilə Mingəçevir Dövlət Dram teatırında geniş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Dram Teatırın foyesində düzənlənmiş Mingəçevirin tarixi inkişaf yolunu əks etdirən sərgi ilə tanış olublar.

Şəhər ictimaiyyət nümayəndələri və tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən qısametrajlı film izləyiblər. Sonra tədbirin aparıcıları Mingəçevirin il ərzində böyük inkişaf yolu keçdiyini qeyd ediblər. Bildirilib ki, ölkənin 70% enerji təminatını məhz Mingəçevir ödəyir. Ölkənin iqtisadiyyatının inkişafında Mingəçevirin də rolunun geniş olduğu diqqətə çatdırılıb. Təhsil sahəsində görülən işlərdən, şəhərdə aparılan abadlıq və quruculuq işlərindən danışılıb. Ölkə rəhbərliyi tərəfindən Mingəçevirə göstərilən diqqət və qayğıdan söz açılıb. Bildirilib ki, Mingəçevir şəhərində sənaye potensialının artırılması, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində işlər davam edir.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra geniş konsert proqramı ilə tədbir davam edib. Teatırın aktyorları tamaşalardan kiçik səhnəciklər nümayiş etdiriblər. “Mingəçevir qrupu”nu, “Pərvin” ritm qrupu və şəhərin mədəniyyət şöbəsinin ansanbılının ifasında şən mahnılar ifa olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top